Türkiyə Prezidenti Çində rəsmi səfərdədir

Türkiyə Prezidenti Çində rəsmi səfərdədir

İyul 2, 2019

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti ilə bu ölkədə rəsmi səfərdədir.

AZƏRTAC xəbər verir ki, iyulun 2-də dövlət başçılarının görüşündə iki ölkə arasında strateji tərəfdaşlığın daha da irəli aparılması üçün birgə səylərin göstərilməsi barədə razılıq əldə olunub.

Çin Sədri Türkiyənin “Bir kəmər, bir yol” təşəbbüsü üzrə vacib tərəfdaş olduğunu vurğulayaraq, iki ölkənin birgə səyləri ilə “Orta dəhliz” layihəsinin “Bir kəmər, bir yol”a inteqrasiyasının sürətləndirilməsini təklif edib. Si Cinpin ölkəsinin Türkiyə ilə ticarət, investisiya, texnologiya, enerji, infrastruktur və digər sahələrdə ikitərəfli əməkdaşlığı genişləndirməyə hazır olduğunu diqqətə çatdırıb.

Türkiyə Prezidenti ölkəsinin “Vahid Çin” siyasətini dəstəkləməyə davam etdiyini, Türkiyə ilə Çin arasında hər hansı qarşıdurma cəhdinin əleyhinə olduğunu deyib. Rəcəb Tayyib Ərdoğan Türkiyə-Çin münasibətlərinin regional sülh, sabitlik və inkişaf baxımından vacibliyini vurğulayıb, ölkəsinin Çin ilə qarşılıqlı siyasi etimad və təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək niyyətini bəyan edib.

Tərəflər terrorizmə qarşı mübarizə, o cümlədən anti-terror sahəsində beynəlxalq əməkdaşlıq məsələlərini müzakirə ediblər.

PAYLAŞMAQ: