Ailə insanların bütün yaş dövrlərində ehtiyac duyduqları ən ali dəyərdir

Ailə insanların bütün yaş dövrlərində ehtiyac duyduqları ən ali dəyərdir

04.07.2019

11:19

İyulun 3-də Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Masallı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Azərbaycan ailəsi” mövzusunda konfrans keçirilib.

Tədbirdə Fondun şöbə müdiri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsinin müdiri, Masallı Rayon İcra Hakimiyyətinin nümayəndəsi, “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin psixoloqu, ziyalılar, müəllimlər, gənclər və ictimaiyyətin təmsilçiləri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə hazırlanmış “Ailə dəyərləri” filminə baxıblar.

Konfransda çıxış edən DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov bildirib ki, Azərbaycan xalqı üçün milli-mənəvi dəyərlər hər zaman mühüm əhəmiyyət kəsb edib. Elə bu səbəbdən də ailə tarixən hər bir azərbaycanlı üçün müqəddəs hesab olunub.

Fondun şöbə müdiri Hatəm Gülməmmədov çıxışında qeyd edib ki, xalqımız hər zaman ailə dəyərlərini, ailə ləyaqətini hər şeydən uca tutub və bu, bizim milli adət-ənənəyə çevrilib. Biz bu qiymətli sərvəti yad təsirlərdən qorumaqla yanaşı, dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edərək zənginləşdirməli, gənc nəsli sağlam ruhda tərbiyələndirməliyik.

“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin psixoloqu Fərrux Səmədov diqqətə çatdırıb ki, cəmiyyət üçün sağlam düşüncəli, sağlam əxlaqlı insanların yetişdirilməsi ailədən başlayır. Sağlam cəmiyyətin, güclü dövlətin formalaşması və inkişafında mühüm vasitə olan ailə insanların bütün yaş dövrlərində ehtiyac duyduqları ən ali dəyərdir.

Dövlətin əsasını sağlam ailələrin təşkil etdiyini qeyd edən Masallı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Qəşəm Hadıyev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən sosial-iqtisadi siyasətin ailələrin rifahının yaxşılaşdırılmasına, sosial müdafiəsinin gücləndirilməsinə xidmət etdiyini bildirib.

Konfransın sonunda iştirakçılarla geniş fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.

PAYLAŞMAQ: