Respublikada bu günədək 813,8 min hektardan çox sahədə taxıl biçini aparılıb

Respublikada bu günədək 813,8 min hektardan çox sahədə taxıl biçini aparılıb

04.07.2019

14:44

Respublika ərazisində taxıl biçini davam edir. Bu il Azərbaycan ərazisində 1 milyon 9 min 139,8 hektar sahədə taxıl əkini aparılıb. Bunlardan 677 min 793 hektarı buğda, 331 min 346,8 hektarı isə arpa sahəsidir.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, iyulun 4-nə olan operativ məlumata görə, ölkə ərazisində 813 min 812,2 hektar ərazidə taxıl biçini aparılıb, 321 min 568 hektar ərazidə arpa, 492 min 244,15 hektar ərazidə buğda biçini başa çatıb. Ümumilikdə isə bu günədək ölkə üzrə 2 milyon 614 min 756,7 ton taxıl yığılıb, orta məhsuldarlıq hər hektara 32,1 sentner təşkil edir.

Ağdam, Bərdə, Biləsuvar, İmişli, Masallı, Saatlı, Sabirabad, Salyan, Yevlax, Zərdab, Ucar, Göyçay, Neftçala və Ağcabədidə taxıl biçini başa çatıb. Ağdaş, Kürdəmir, Tərtər və Füzuli rayonlarında isə taxıl biçini başa çatmaq üzrədir.

Ağsu ərazisində arpa əkilmiş 16 min 36 hektar zəminin 15 min 740 hektarı, buğda əkilmiş 20 min 38,5 hektar sahənin 17 min 410 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 31 s/ha, buğda üzrə məhsuldarlıq isə 32,5 s/ha təşkil edir.

Oğuz ərazisində arpa əkilmiş 4118 hektar sahənin 4100 hektarı, buğda əkilmiş 11 min 969 hektar zəminin 10 min 900 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 30,8 s/ha, buğda üzrə isə 31 s/ha təşkil edir.

Ağdaş, Beyləqan və Tərtər rayonlarında da taxıl biçinində yüksək nəticələr əldə olunub.

PAYLAŞMAQ: