ABŞ-Azərbaycan əməkdaşlığı avropalılara yeni töhfə verir

ABŞ-Azərbaycan əməkdaşlığı avropalılara yeni töhfə verir

İyul 5, 2019

Energetika naziri Pərviz Şahbazov “Xəzər Siyasət Mərkəzi”nin idarə heyətinin üzvü Robert Sekuta ilə görüşüb.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə Xəzər regionu ətrafında vəziyyət, qlobal miqyasda enerji sektorunda müşahidə olunan tendensiyalar, eləcə də yeni texnologiyalar və rəqəmsallaşmanın təsirləri ilə bağlı məsələlər müzakirə edilib. Söhbət zamanı Xəzər regionunun enerji və nəqliyyat layihələri ilə inteqrasiya prosesində rolundan bəhs olunub. “OPEC plus” formatında neft bazarının tənzimlənməsi prosesi, Cənub Qaz Dəhlizi layihəsinin icra vəziyyəti və Azərbaycanın energetika sektorunda islahatlara dair hədəfləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Nazir ABŞ-ın Azərbaycanın həyata keçirdiyi enerji layihələrinə, o cümlədən Cənub Qaz Dəhlizinə dəstəyini yüksək qiymətləndirib. Nazir bu əməkdaşlığın avropalı istehlakçılara tezliklə yeni mənbədən qazın çatdırılması və mənbələrin şaxələndirilməsi məqsədinə töhfə verdiyini deyib.

O, həmçinin hazırda bərpaolunan enerji sahəsində və energetika sektorunun liberallaşması istiqamətində qarşıda duran vəzifələr və görülən işlər barədə də ətraflı məlumat verib.

PAYLAŞMAQ: