Yardımlı rayonundan olan çağırışçılar hərbi xidmətə yola düşüblər

Yardımlı rayonundan olan çağırışçılar hərbi xidmətə yola düşüblər

İyul 5, 2019

Yardımlı rayonundan olan çağırışçı gənclərin müddətli hərbi xidmətə təntənəli şəkildə yola salınması mərasimi keçirilib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən (SHXÇDX) AZƏRTAC-a bildiriblər ki, tədbirdə xidmətin Yardımlı Rayon Bölməsinin şəxsi heyəti, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, ictimaiyyətin nümayəndələri, müharibə veteranları, çağırışçılar və onların valideynləri iştirak ediblər.

Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov mərasimdə çıxış edərək bütün istiqamətlərdə inkişaf edən respublikamızda ordu quruculuğu sahəsində qazanılmış nailiyyətlərdən, Prezident İlham Əliyevin hərbi sahəyə diqqət və qayğısından danışıb, çağırışçılara hərbi xidməti şərəflə başa vurmağı arzulayıb.

SHXÇDX-nin Yardımlı rayon bölməsinin rəisi, polkovnik-leytenant Rusif Babayev xalqımızın Azərbaycan əsgərinin gücünə inandığını bildirib. O, gənclərə Vətən qarşısında müqəddəs borclarını layiqincə yerinə yetirməyi arzulayıb, hərbi xidmətdə nizam-intizamlı olmağı tövsiyə edib.

Valideynlər adından çıxış edən Əli İsgəndərov övladının hərbi xidmətə yola düşməsindən, Silahlı Qüvvələrimizin hərbi qüdrətindən qürur duyduğunu deyib. O, həqiqi hərbi xidmətə yola düşən çağırışçıların da Azərbaycan əsgəri adını uca tutacaqlarına inamını ifadə edib.

Ziyalılar, müharibə veteranları və ağsaqqallar vurğulayıblar ki, hərbi xidmətə yola düşən çağırışçılar Vətən və xalqımız qarşısında xidməti borclarını şərəflə yerinə yetirməli və torpaqlarımızın azad edilməsi naminə döyüşlərə hər an hazır olmalıdırlar. Bunun üçün gənclərimiz hərbi sirlərə yiyələnməli, mətin və mübariz olmalıdırlar. Çünki hər bir azərbaycanlı Silahlı Qüvvələrimizin gücünə, qüdrətinə güvənir və əmindir ki, tezliklə Azərbaycan bayrağı Xankəndində, Şuşada və işğal altındakı digər tarixi torpaqlarımızda dalğalanacaq.

Sonda çağırışçı gənclər üçrəngli bayrağımızı öpərək ordu sıralarına yola düşüblər.

PAYLAŞMAQ: