Deputat Ülviyyə Ağayeva ATƏT PA-nın plenar iclasında Ermənistanın humanitar hüquq normalarına zidd hərəkətlərini diqqətə çatdırıb

Deputat Ülviyyə Ağayeva ATƏT PA-nın plenar iclasında Ermənistanın humanitar hüquq normalarına zidd hərəkətlərini diqqətə çatdırıb

İyul 8, 2019

ATƏT PA-nın Lüksemburqda keçirilən plenar iclasında Milli Məclisin deputatı Ülviyyə Ağayeva çıxış edib. AZƏRTAC xəbər verir ki, azərbaycanlı siyasətçi öz çıxışında artıq başa çatan beşgünlük tədbirin yüksək səviyyədə təşkilinə görə lüksemburqlu həmkarlarına təşəkkürünü bildirib.

Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğalının davam etməsini və artıq beşinci ildir erməni tərəfindən iki azərbaycanlı məcburi köçkünün – Dilqəm Əsgərov və Şahbaz Quliyevin girov saxlanılması faktını xatırladan deputat diqqətə çatdırıb ki, üçüncü məcburi köçkün Həsən Həsənov qətlə yetirilib. O əlavə edib ki, erməni tərəfi girov şəxsləri doğma Kəlbəcərdə valideynlərinin məzarını ziyarət etmək cəhdində həyasızcasına ittiham edir.

Ü.Ağayeva qeyd edib ki, girov götürülmüş şəxslərin bu yaxınlarda çəkilmiş şəkilləri onların qeyri-insani fiziki işgəncələrə məruz qaldıqlarını göstərir.

Milli Məclisin deputatı Ermənistanın humanitar hüquq normalarına məhəl qoymadığını diqqətə çatdırıb və həmkarlarını, habelə onların şəxsində bütün beynəlxalq ictimaiyyəti bu məsələyə biganə qalmamağa və sağ qalmış iki girov şəxsin öz ailələrinə qaytarılmasını Ermənistandan tələb etməyə çağırıb.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Lüksemburq

PAYLAŞMAQ: