Dünyada hər il 50 min qadın zorakılığın qurbanı olur

Dünyada hər il 50 min qadın zorakılığın qurbanı olur

İyul 9, 2019

BMT-nin araşdırmalarına görə, dünyada hər il təxminən 50 min qadın həyat yoldaşı və ya ailə üzvlərinin zorakılığı nəticəsində həlak olur. 2017-ci ildə isə planetimizdə 87 min qadın qətlə yetirilib.

AZƏRTAC xəbər verir ki, bu məlumat BMT-nin Vyanada yerləşən Narkotiklər və Cinayətkarlıq İdarəsinin yaydığı hesabatda yer alıb. Hesabatda bildirilir ki, qətlə yetirilən qadınların mütləq əksəriyyəti hazırkı və ya keçmiş əri, ata, qardaş, ana, bacı və ya digər yaxın qohumlarının zorakılıq cinayətlərinin qurbanı olub. Həyat yoldaşları tərəfindən törədilən qətl əməllərinin digərlərindən əsas fərqi ondan ibarətdir ki, bu cinayətlər qəfil və affekt vəziyyətində deyil, uzun müddət davam edən məişət zorakılığı spiralının son nöqtəsini təşkil edir.

Hesabatda qeyd edilir ki, məişət zəminində törədilən cinayətlər zamanı ən çox qətl hadisəsi Asiya qitəsində olub. 2017-ci ildə burada təxminən 20 min qadın və qız uşağı ailə üzvləri tərəfindən qətlə yetirilib. Sonrakı yerlərdə Afrika (19 min), Amerika (8 min), Avropa (3 min) və Okeaniya (300) dayanır.

Həmçinin göstərilir ki, 2017-ci ildə dünyada ümumilikdə 464 min insan adamöldürmə cinayət əməlinin qurbanı olub. Qətl və döyərək öldürmə cinayətləri nəticəsində dünyada ölən insanların sayı silahlı münaqişələrdə ölənlərdən çox olub. Rəsmi statistikaya görə, 2017-ci ildə silahlı münaqişələr nəticəsində dünyada 89 min insan həlak olub.

PAYLAŞMAQ: