Badamdar bələdiyyəsinin şok fırıldaqları

Badamdar bələdiyyəsinin şok fırıldaqları

10.07.2019

22:46

Badamdarda mafioz birləşmələr mətbuatda-ARXİV

Bələdiyyə sədri Həbib Əsədovu himayə edən qüvvələr kimlərdir?

Məmur özbaşınalığı, korrupsiya və rüşvətxorluq demək olar ki, Azərbaycanda bütün sahələrdə dərin kök salıb. Bu barədə dəfələrlə ən üst səviyyədə-prezident tərəfindən mübarizəyə start verilsə də, hələ ki, bir çoxları öz çirkin əməllərini davam etdirməkdədirlər. Sahib olduğu kürsünü şəxsi qazanc mənbəyinə çevirən belə məmurlar qanunları tapdalamaqla, öz ətrafında qruplaşma yaratmaqla dövlət vəsaitini mənimsəyir, xalqın pulları ilə böyük sərvət sahibi olurlar. Yüksək çinli məmurlar tərəfindən himayə olunan belə korrupsionerlər idarə etdikləri sahələrdə guya dövlət başçısına, onun siyasi kursuna sədaqətli olduqlarını reklam etsələr də, əslində öz fəaliyyətləri ilə vətəndaşları dövlətə qarşı qaldırır, narazılıq dalğası yaradırlar. Bu gün öz “şanlı əməlləri” ilə Badamdarın yeni tarixində “silinməz izlər” qoyan bələdiyyə sədri Həbib Əsədovun fəaliyyətinə nəzər yetirdikdə bunun canlı şahidi olmaq mümkündür.

Badamdar qəsəbəsinin “bələdiyyə dərdi”

Qəsəbəyə qədəm qoyan hər kəs ilk əvvəl düşünə bilər ki, yəqin burada heç bir dövlət orqanı fəaliyyət göstərmir. Çünki, qəsəbənin hər küçəsi, döngəsi fəaliyyətsizlik simvolu kimi ürək ağrıdır. Sanki, Bakının bu guşəsindən heç dövlətin xəbəri yoxdur, sakinlər elə Allah ümidinə gün keçirirlər. Təbii ki, bu belə deyil. Badamdarın bütün dövlət strukturları var və kağız üzərində onlar qəsəbəni bir neçə dəfə söküb təzədən inşa ediblər. Baxmayaraq ki, on illərdir həllini gözləyən çoxsaylı problemlər qalaq-qalaq toplanaraq Badamdar sakinlərinin həyatını cəhənnəmə döndərib, bu sahəyə məsuliyyət daşıyan məmurların heç tükü də tərpənmir. Çünki, onların daha böyük qayğıları vardır. Qəsəbənin hətta bələdiyyə orqanları da yaradılıb. Amma, bunun heç kimə aidiyyatı yoxdur. Badamdar bələdiyyəsi Həbib Əsədovun xüsusi mülkiyyətidir və ancaq onun şəxsi maraqlarını təmin etmək üçün fəaliyyət göstərir. Belə olmasaydı Badamdar sakinləri öz problemlərinin həlli üçün H.Əsədova müraciət edəndə heç olmazsa bir dəfə müsbət cavab alardılar. Neynəyəsən ki, bələdiyyə sədri ətrafına topladığı komandası ilə idarəsini alınmaz qalaya çevirərək sakinlər üçün əlçatmaz edib. Bu binada dərdini deyənləri sevmirlər, çünki Badamdar bələdiyyəsi belə işlərlə məşğul olmur. Buraya torpaq almaq, satmaq üçün gələnlərin hörməti böyükdür. Çünki, H. Əsədov Badamdarın ən böyük torpaq “sahibidir”. Qəsəbənin torpaqlarını eninə-uzununa satmaq onun sevimli işidir.

Həbib Əsədovun “torpaq bazarı”

Torpaqlar 1999-cu ildən 2009-cu ilə qədər bələdiyyələr vasitəsilə satılırdı. 2009-cu ildə qanunvericiliyə edilən müvafiq dəyişikliyə əsasən bu funksiya bələdiyyələrdən alınaraq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə verilib. Bələdiyyə torpaqları hərraclar vasitəsilə satışa çıxarılmalıdır. Lakin, qanunvericilik bu səlahiyyəti bələdiyyədən alsa da, Həbib Əsədov öz qanunlarını ölkə qanunlarından üstün tutduğu üçün onun “torpaq bazarı” əvvəlki kimi şıdırğı davam edir. O, eyni bir ərazini bir neçə nəfərə satmaqdan belə çəkinmir. Bu barədə bir neçə dəfə məhkəmə prosesləri olsa da Həbib Əsədov “sudan quru çıxmağı” bacarıb. Təbii ki, H.Əsədov öz qanunsuzluqlarına don geyindirmək üçün unikal variantlar da tapıb. Baha qiymətlərlə ayrı-ayrı mülki şəxslərə satdığı bələdiyyə torpaqlarını köhnə tarixlərə sənədləşdirməklə dövlətə “atan” sədr bu yolla külli miqdarda vəsait mənimsəyib. Bu barədə dəfələrlə hüquq-mühafizə orqanları istintaqa başlasa da, Həbib Əsədovun “torpaq sevgisi” bitib tükənmək bilmir. Daha çox qazanc əldə etmək üçün qəsəbənin torpaqlarını səxavətlə satan Həbib Əsədov qeyri-qanuni əməllərini ört-basdır etmək üçün keçmiş bələdiyyə sədri Bəybala Hüseynovun adından gen-bol istifadə edir. Yenicə satdığı torpaqları B.Hüseynovun dövrünə sənədləşdirməklə böyük məbləğdə pulları mənimsəyən H.Əsədov qəsəbədə torpaq biznesinin liderinə çevrilməyi bacarıb. Onun Hüseynov Səttar Əkbər oğluna torpaq sahəsinin mülkiyyətə verilməsi haqqında verdiyi sənəd də bu qəbildəndir. Torpaq sahəsi Səttar Hüseynova bu yaxınlarda mülkiyyətə verilməsinə baxmayaraq, Həbib Əsəsdov ərazinin guya 29 dekabr 2006-cı ildə verilməsi haqqında saxta 239 saylı qərar verərək Bəybala Hüseynovun imzası ilə rəsmiləşdirmişdir. Bələdiyyə sədirliyində işləməyən bir şəxsin imzası ilə 8 il əvvələ sənəd vermək ancaq Həbib Əsədovun məharətinin məhsulu ola bilər. Lakin onun bu “məharətinin” üstü açılıb və iş hüquq-mühafizə orqanları tərəfindən araşdırılmağa başlanılıb. Bəhs edilən mövzu əvvəllər Bakı şəhər Prokurorluğu tərəfindən araşdırılsa da, sonradan proses Səbail rayon Prokurorluğunun sərəncamına göndərilib. Təbii ki, Həbib Əsədov araşdırmanı “daha doğma məkana” gətirməklə öz əməllərini ört-basdır etməyə çalışır. Təsadüfi deyil ki, bələdiyyə sədrinin bu əməllərinə himayədarlıq edənlər də tapılır. Aldığımız son məlumatlara əsasən, Həbib Əsədovun “torpaq cinayətlərini” ört-basdır etməkdə ona kömək edən əsas şəxs Səbail rayon icra başçısının Badamdar qəsəbəsi üzrə yeni təyin olunmuş nümayəndəsidir. Rayon icra başçısının bacanağı olan icra nümayəndəsi bələdiyyə sədrinin torpaq alverində etdiyi cinayətləri pərdələmək üçün xüsusi çaba sərf edir. Görəsən, açıq-aşkar cinayət tərkibli bir əmələ himayədarlıq etmək İcra nümayəndəsinə niyə bu qədər vacib olub? Xüsusən rayon icra başçısının bacanağı olan icra nümayəndəsinin bu əməlləri bir çox maraqlı suallar ortaya çıxarır. Yəqin ki, rayon rəhbərliyi, hüquq-mühafizə orqanları bu barədə ölçü götürəcəklər.

Həbib Əsədovun “vergi sistemi”

Həbib Əsədov öz qanunsuzluqlarına rəvac vermək üçün ətrafına sədaqətli bir komanda toplaya bilib. Bələdiyyə sədrinin kriteriyalarına cavab verməyən kadrlar onunla işləyə bilməz. Bələdiyyədə çalışdığım qısa müddətdə bunun canlı şahidi oldum. Həbib Əsədov onun əməllərinə göz yuman, bütün göstərişlərini müzakirəsiz icra edən yaxınlarından ibarət struktur formalaşdırmaqla Badamdarın altını üstünə çevirməkdə davam edir. Bu gün Badamdar bələdiyyəsi bütünlüklə H.Əsədovun yaratdığı qruplaşmanın nəzarəti altındadır. H.Əsədovun “bələdiyyə sərgüzəştləri” təkcə torpaq biznesi ilə yekunlaşmır. Sədr həm də özünə məxsus vergi sistemi formalaşdırmaqla dövlət vəsaitini mənimsəyir. Bu işdə onun köməkçisi bələdiyyənin vergi şöbəsinin müdiri İlqar Əliyevdir. Bələdiyyə vergilərini mənimsəmək üzrə hər iki şəxs əməlli-başlı mütəxəssis kimi formalaşıblar. Sakinlərdən toplanan torpaq, əmlak vergilərini mənimsəyərək şəxsi mənfəətləri üçün sərf edən Həbib Əsədovun bu “qayğıkeşliyi” nəticəsində bu gün Badamdar qəsəbəsi müharibə zonasını xatırladır. Dağılmış yollar, məhv olunmuş infrostruktur bələdiyyə sədrinin sakinlərə “töhfəsidir”. Əhalidən toplanan vergilər bir neçə süzgəcdən keçirilir. Məsələn, 100 manat vergi ödəyən vətəndaşa bu məbləğdə çek verilsə də, sənədləşmədə olduqca az məbləğ göstərilir. Yerdə qalan vəsait isə təbii ki, Həbib Əsədov tərəfindən mənimsənilir. Vergiləri mənimsəməsinə baxmayaraq, bələdiyyə sədri bir neçə dəfə ölkə mətbuatında vergi toplamaq mümkün olmadığını bildirib. Yəqin ələ keçirilən məbləğ hələ də onu qane etmir. Ölkə qanunvericiliyinə əsasən, toplanmış vergilər bələdiyyənin bank hesabına yatırılmalı, sonra isə aidiyyatı üzrə sərf olunmalıdır. Lakin, Həbib Əsədov buna da ehtiyac görmədiyi üçün toplanmış vəsaiti heç bir bank əməliyyatı aparmadan xərcləyir. Badamdar sakinlərinin gününü qara edən vergiyığanların “gərgin əməyinin” nəticələri beləcə özününküləşdirilir. Hər gün qapılarını döyən vergi toplayanlara sakinlər sual edirlər ki, bəs verdiyimiz bu pullar hara gedir? Küçələrimiz dağılıb, problemlər içərisində boğuluruq. Cavab isə birdir: “Mən belə işlərlə məşğul olmuram, mənə vergi toplamaq tapşırılıb!” Axı, bu pulyığanlar necə desinlər ki, sizin verdiyiniz vəsait Həbib Əsədovun cibinə axır, onun üçün Badamdar ərazisi gəlir gətirən bir “toçkadır”. Nə qədər ki, sədr kürsüsündə oturub, Badamdar problem yuvası olaraq qalacaq. Bütün bunları görən, dilə gətirən kadrları isə Həbib Əsədov tamamilə bələdiyyə strukturundan uzaqlaşdırıb.
Badamdar qədəbəsində hökm sürən bu özbaşınalıqlar barədə dəfələrlə yazılmasına, deyilməsinə baxmayaraq heç bir ölçü götürülmür. Səbail rayon İcra Hakimiyyəti, hüquq-mühafizə orqanları nədənsə hamının gördüyü bu faktları “görmür”. Tükü tükdən seçən icra orqanları Həbib Əsədovun qanunsuzluqlarına sanki rəvac verir, fəaliyyət dairəsini bir az da genişləndirirlər. Belə olmasaydı, dəfələrlə müraciətlər olunmasına, cinayət işi açılmasına baxmayaraq Həbib Əsədov hələ də Badamdar qəsəbəsinin məhvinə fərman verməzdi. Həbib Əsədova havadarlıq edənlər onun cinayətlərinə təkcə himayədarlıq yox, həm də ortaqlıq edirlər. Görəsən, bu boyda məsuliyyətə onları vadar edən hansı səbəbdir?
Nəzərinizə çatdırırıq ki, yuxarıda göstərdiyimiz bələdiyyə sənədinin qərarı ilə əlaqədar Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə sorğu yollamışıq.
Mövzunu sona qədər diqqətdə saxlayacağıq!
Elman Aydınoğlu

PAYLAŞMAQ: