Mərkəzi Bankda şagirdlər üçün növbəti yay məktəbi təşkil edilib

Mərkəzi Bankda şagirdlər üçün növbəti yay məktəbi təşkil edilib

İyul 15, 2019

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən həyata keçirilən maliyyə maarifləndirməsi tədbirləri çərçivəsində növbəti yay məktəbi təşkil olunub.

AMB-dən AZƏRTAC-a bildirilib ki, 10-12 yaşlı şagirdlər üçün “Daxıl mənim xəzinəmdir!” şüarı ilə keçirilən builki yay məktəbində 20 nəfər iştirak edib. Yay məktəbinin əsas məqsədi uşaqları pulun tarixi, pul nişanları, büdcə anlayışı, şəxsi büdcənin hazırlanması, qənaət, israf, yığım və biznes planların qurulması mövzuları üzrə əyləncəli formada maarifləndirməkdən ibarət olub.

Təlimdə hər günün mövzusuna uyğun təqdimatlar və öyrədici videoçarxlar nümayiş etdirilib, müxtəlif intellektual oyunlar keçirilib. Mövzuların lazımi səviyyədə aşılanması məqsədilə sessiyalar müxtəlif tapşırıqlar və əyani vəsaitlərlə dəstəklənərək interaktiv şəkildə aparılıb. Bununla yanaşı, iştirakçılar Mərkəzi Bankın xəzinəsində, “AccessBank”ın və “Atəşgah” Sığorta Şirkətinin baş ofislərində olublar. Onlar burada peşəkar bank və sığorta işçiləri ilə görüşüb, onların bank xidmətləri və sığorta fəaliyyəti barədə sualları cavablandırılıb.

Yay məktəbinin sonunda iştirakçılara təlim materialları, müxtəlif hədiyyələr və sertifikatlar təqdim olunub.

PAYLAŞMAQ: