Səbail və Badamdar bələdiyyələrində həbslər olacaq

Səbail və Badamdar bələdiyyələrində həbslər olacaq

İyul 15, 2019

Mübariz İbrahimov, Firdovsi Cəbrayılov, Bəybala Hüseynov və Həbib Əsədov dövlət əmlakını dağıtmaqda ittiham olunurlar

Bələdiyyələrin fəaliyyətsizliyi dəfələrlə millət vəkilləri və ictimaiyyət nümayəndələri tərəfindən tənqid edilib. Bu vaxta qədər işində müxtəlif nöqsanlara yol vermiş bəzi bələdiyyə sədrlərinin barəsində həbs-qətimkan tədbiri seçilib. Bu tip tədbirlərə baxmayaraq, bələdiyyələrdə rəhbər postları tutan şəxslərin əksəriyyəti qanunsuz əməllərini davam etdirirlər. Bu gün diqqətinizə Səbail və Badamdar bələdiyyələrinin keçmiş, eləcə də indiki sədrlərinin törətdiyi qeyri-qanuni əməllər haqda maraqlı faktları açıqlayacağıq.

Xatırladaq ki, Səbail bələdiyyəsinin keçmiş sədri bir neçə il əvvəl rüşvət üstündə həbs edilib. Onun gedişindən sonra çoxları Səbail bələdiyyəsinin fəaliyyətində dönüş olacağını gözləsələr də, yanılıblar. Bələdiyyənin hazırkı sədri Firdovsi Cəbra yılov əvvəlki sədrlərin ölənlərinə rəhmət oxutdurur. Etibarlı mənbələrin cumhuriyyet.az-a verdiyi məlumatda deyilir ki, sədrin imza atdığı qanunsuz işlər bələdiyyənin fəaliyyətinin bərbad hala düşməsi ilə nəticələnib: “Səbail bələdiyyəsi səlahiyyətindəki işləri yerinə yetirməkdə acizdir. Minlərlə sakinə xidmət etməli olan qurum öz fəaliyyətsizliyi ilə daha çox diqqəti cəlb edir. Paytaxtın mərkəzi rayonlarından hesab edilən Səbaildə bələdiyyənin üzərinə düşən işləri layiqincə yerinə yetirə bilməməsi problemsiz ötüşmür. Bələdiyyənin büdcəsi daim boş qalır. Halbuki, il ərzində vergilər hesabına yerli özünüidarə orqanının büdcəsinə külli miqdarda vəsait toplanır. Digər tərəfdən hər il müəyyən məbləğdə dotasiya ayrılır. Sədr həmin vəsaitlərin abadlıq işlərinə xərcləndiyini deyir, amma bələdiyyənin büdcəsinə toplanan vəsaitlərin müəyyən hissəsi təyinatı üzrə istifadə edilmir. Firdovsi müəllim özündən əvvəlki sədrlərin səhvlərini təkrarlamaqla məşğuldur”.

Bildiyiniz kimi, cənab prezident bir müddət əvvəl “Dostluq” parkının ərazisində qeyri-qanuni tikilmiş villaların sökülməsi əmrini verdi. Bu hadisədən ən çox təşvişə düşən şəxslərdən biri də Səbail bələdiyyəsinin sədri oldu. Deyilənə görə, sədr tikinti işlərinin qanunsuz aparıldığını bildiyi halda, hansısa maraqlarına görə göz yumub. Artıq bu barədə yuxarılara lazımi informasiya çatıb. Birinci Avropa Oyunları başa çatandan sonra “Dostluq parkı”nın ərazisində tikintinin aparılmasına icazə vermiş şəxslərin hər birinin barəsində ciddi ölçü götürüləcək. O cümlədən Səbail bələdiyyəsinin indiki və keçmiş sədrinin də istintaqa cəlb olunacağı dolaşan məlumatlar arasındadır.

Səbail rayonunun Badamdar bələdiyyəsi də böyük problemlərin məngənəsindədir. Redaksiyamıza bələdiyyə sədri Həbib Əsədovun törətdiyi özbaşınalıqlar haqda tükürpədən məlumatlar daxil olub. Həmin faktlara keçid almamışdan öncə isə bələdiyyənin keçmiş sədri Bəybala Hüseynovla bağlı bəzi məqamlara toxunmaq istəyirik. Qeyd edək ki, sabiq sədrin adı vəzifədə olduğu müddətdə dəfələrlə neqativ hadisələrlə bağlı gündəmə gəlib. Badamdar bələdiyyəsi paytaxtın ən varlı və ən gəlirli bələdiyyələrindən biri hesab olunduğundan keçmiş sədr əlinə düşən imkanlardan maksimum yararlanmağa çalışırdı. Buna da nail olmağı bacarıb. Məlumatlə mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə, “sabiq sədr qanunsuz yollarla qazandığı vəsaitlər hesabına qəsəbədə 5 yerdə şadlıq evi tikdirib. Onlardan biri “İbrahim” şadlıq evidir ki, o da uşaq bağçasının üstündə inşa edilib. Digəri isə “Bəyoğlu” şadlıq sarayıdır. Adıçəkilən şadlıq evi Badamdar qəsəbəsində düz yol kənarında yerləşir və çox böyük ərazini əhatə edir. Bəybala Hüseynov həmçinin torpaqların vətəndaşlar tərəfindən zəbt olunduğunu əsas gətirərək bu torpaqları alqı-satqı qaydasında müvafiq icra hakimiyyəti orqanlarının rəyi olmadan sənədləşdirib. Məhz belə işlərə qol qoyduğu üçün Badamdar qəsəbəsinin sakinləri ötən bələdiyyə seçkilərində növbəti dəfə ona etimad göstərmədilər. Lakin etimad göstərdikləri Həbib Əsədov hələ də sakinlərin ümidini doğrultmağı bacarmayıb. Badamdar bələdiyyəsinin hazırkı sədri sələfindən heç nə ilə fərqlənmir. Əldə etdiyimiz məlumatlara görə, Həbib Əsədov Badamdar bələdiyyəsinin əmlakından qanunsuz istifadə etməklə, qanunsuz alqı-satqı həyata keçirməklə və mülkiyyətin alqı-satqı prosesində onu düzgün qiymətləndirməməklə bələdiyyənin büdcəsinə külli miqdarda ziyan vurub: “Məlumat üçün deyim ki, inzibati ərazisi 1000 hektara yaxın olan Badamdar bələdiyyəsinə Bakı Şəhər İcra Hakimiyyətinin 31 avqust 2000-ci il 810 saylı sərəncamı ilə 68,42 ha torpaq sahəsi mülkiyyətə ayrılıb. Bələdiyyə sədri həmin torpaq sahələrini, həmçinin bələdiyyəyə aid olmayan torpaqları özbaşına şəkildə özəlləşdirərək bir hissəsini satıb, bir hissəsində özünə obyektlər tikdirib. O çoxmərtəbəli yaşayış binalarının mühafizə zonalarında qanunsuz olaraq qarajların və fərdi evlərin tikintisinə də icazə verib. Bununla qanunun tələblərini kobud şəkildə pozub. Sədr qəsəbənin abadlaşması istiqamətində heç bir iş görmür. Sakinlərin asudə vaxtlarını səmərəli keçirə bilməsi üçün park, istirahət mərkəzi yoxdur. Ölkə qanunvericiliyinə əsasən, toplanmış vergilər bələdiyyənin bank hesabına oturulmalı, sonra isə aidiyyəti üzrə sərf olunmalıdır. Lakin Həbib Əsədov toplanmış vergi vəsaitlərini bank əməliyyatı aparmadan öz bildiyi şəkildə xərcləyir. Bələdiyyə sədri özünün satdığı torpaq sahələrini 7-8 il əvvəlki tarixə sənədləşdirərək böyük qanunsuzluq törədir. Aidiyyəti dövlət qurumları bələdiyyə sədrinin fəaliyyətini yoxlasalar, deyilənlərin əsassız olmadığını görərlər”.

Özəl mənbələrin iddiasına görə, istintaq orqanlarına Badamdar bələdiyyəsinin indiki və keçmiş sədri ilə bağlı zəruri materiallar təqdim olunub: “Hazırda həmin materiallar araşdırılır. Araşdırma sona çatan kimi Bəybala Hüseynov və Həbib Əsədovun barəsində cinayət işi qaldırıla bilər. Onların hər ikisinin adı dövlət əmlakını dağıtmaqda və maliyyə pozuntularında çəkilir”.

Gələn saylarımızda Badamdar qəsəbəsindəki “Badam” kafesinin kimə məxsus olması və Tofiq Məmmədov küçəsində tanınmış oftalmoloq alim Zərifə Əliyevanın adını daşıyan parkın ərazisinin nəyə görə dağıdılması haqda yazı dərc edəcəyik.

Yazıda adı qeyd olunan bütün şəxslərin mövqeyini işıqlandıra bilərik.

 

Azerinfo.az

26-06-2015

PAYLAŞMAQ: