KİM NƏDƏN XƏCALƏT ÇƏKMƏLİDİR?!

KİM NƏDƏN XƏCALƏT ÇƏKMƏLİDİR?!

İyul 19, 2019

Bir- iki gün öncə Facebook sosial şəbəkəsində Badamdar Bələdiyyəsinin sabiq sədri Bəybala Hüseynovun  paylaşımında mənim adımla bağlı bəzi nüanslara və ilk öncə Bəybala Hüseynovun oğlu mərhum Hüseynov Emin Bəybala oğlu (Allah axirətini versin) ilə bağlı yazdıqlarına öz  münasibətimi bildirməyi  və  bunun oxucularımız üçün də maraqlı olacağını düşünürəm.

İslamın böyük şəxsiyyətlərindən biri İmam Əli (ə) buyurmuşdur: “Xoş o kəsin halına ki, əməli və elmi, dostluğu və düşmənçiliyi, götürməyi və qoymağı, nitqi və sükutu, əməli və danışığı yalnız Allah üçün ola.” ( Tuhəful-Uqul, səh.100) İlk öncə çəkdiyim sitat insanı əməlləri qarşısında düşünməyə sövq edən dəyərli məsləhətlərdəndir. Bu, hər birimizə aiddir.

 

Bəybala Hüseynov yazır ki:, “Bu mesele ile bagli Hakimiyyet qazetinin baş redaktoru Fizuli Ismayilavla söhbetinde Eli Nagiyev bildirmişki, Beybala kimdir ki, o mene ne ede biler? onun yazdiqlari erizelerin hamisi menim stolumun ustundedir, sende hec utanmirsan gedib qoşulmusan ona.“ (olduğu kimi dərc edirik-F.Ə.) Tamamilə doğrudur! “Hakimiyyət” qəzetində və hakimiyyet.com saytında Bəybala Hüseynovun bir sıra orqanlara müraciətini dərc etdik. Buna görə bizi heç kəs çağırıb bir söz demədi. Ancaq redaksiyanın mövqeyindən çıxış etdikdən sonra  o zaman Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Əli Nağıyev yanına dəvət etdi və bizdən onların mövqeyini öyrənmədən, mətbuatın prinsiplərinə zidd olaraq birtərəfli münasibət bildirməklə ictimaiyyətin fikrini səhv istiqamətləndirdiyimizə, həmçinin Baş Prokurorluqda bu məsələnin qanun çərçivəsində araşdırılmasına mane olduğumuzu bildirərək əsəbi halda buna görə müvafiq qaydada məsuliyyət daşıdığımızı xatırlatdı. Həmçinin, bildirdi ki, “… dəfələrlə Bəybala Hüseynov Baş Prokurorluğa dəvət olunub, ona söylədiyi faktların araşdırılmasına tərəfimizdən burada kargüzar işləmiş oğlu mərhum Emin Hüseynovun ruhu xatirinə hər bir köməkliyi göstərməyimizə hazır olmağımızı bildirmişik, ancaq o, hər dəfə bundan müxtəlif bəhalərlə yayınıb…” Bundan sonra qərara gəldik ki, bu məsələni Baş Prokurorluq araşdıranədək yazıları dayandıraq. Ancaq “Hakimiyyət” qəzetinin rəhbəri kimi bu məsələyə Bəybalanın diliylə desək, bulaşmağımızın səbəbi daha dərin  məsələlərdən qaynaqlanır.

Bu gün çoxları müstəqil mətbuatın “müstəqil” tribunasını  media orqanının ehtiyacı üzündən öz istəklərini həyata keçirmək üçün ələ keçirir. Səmimi etiraf edək ki, lap ölkənin Birinci şəxsindən tutmuş istənilən vəzifə sahibinin, məmurun ünvanına yeri gəldi- gəlmədi, ağzına gələn hədyanları yazdıra bilirlər. Son vaxtlar  mətbu orqanlarına insanların da inamının  azalmasının məhz belə amillərin təsiri olduğu özünü təsdiqləyir. Bəzən özümüz də məsələnin mahiyyətinə varmadan maraqlarımız çərçivəsində bu addımları atırıq. Əfsuslar olsun ki, digər tərəfin şəxsiyyətini, ailə üzvlərini, ictimai mövqeyini, cəmiyyətdə rolunu, dövlət və xalq qarşısında xidmətlərini nəzərə almadan yazılanlar bəzən ömrün sonunadək yazı müəlliflərinə utanc gətirir, əzab verir.

Bəybala Hüseynovun bu məsələdə ona kömək göstərməsi xahişinə qoşulanda mən də ondan xahiş etdim ki, şəxsən Bəybala Hüseynovun iştirakı və əlilə  ağsaqqalım, böyük qardaşım ədliyyə polkovniki, mərhum Şahkişi Bağırovun uzun illər mənimlə birgə bağ- bostan sahəsi kimi istifadə etdiyi, evinin qarşısında olan 3.5 sot torpaq sahəsini qanunsuz yolla kimlər tərəfindən bizdən xəbərsiz özəlləşdirərək satmasını müəyyən etmək də bizə köməklik göstərsin. Əslində biz bilirdik ki, bu işdə şəxsən Bəybala Hüseynovun əli var, ancaq bunu onun özünün əliylə həll edilməsini istəyirdik. Bəybala Hüseynov bu məsələdə bizi, şəxsən məni 2009-cu ildən aldadaraq süründürmüşdü. Ancaq onun övladının və Şahkişi Bağırovun vəfatından sonra başsız qalmış ailəsinin xatirinə mən ona oğlu barəsində baş verənləri mətbuata çıxarmağa kömək etdim. Hətta ərizələrinin rəsmi orqanlara çatmasında tanıdığım insanlardan köməklik göstərməsinə də yardım etdim. Rəsmi qəbula yazılması və ərizələrinin araşdırlması üçün müvafiq prosedur qaydalarını başa saldım. Ancaq 7-8 ay müddətində Bəybala Hüseynov yenə əvvəlki qaydada məni bu və ya digər formada aldatmaqla həmin torpaq sahəsini saxta və qanunsuz yolla mənimsənilməsini araşdırmağıma mane olurdu. Bu müddət ərzində məndən Baş Prokurorluğun, xüsusən də  Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəhbərliyinə qarşı mətbuat səhifələrində yazıların dərc edilməsinə nail olması üçün çalışırdı. Və  buna da nail oldu. Mən bu məsələdən artıq hali idim, ancaq Bəybalanın bizim məsələnin nə cür həll edəcəyini gözləyirdim. Nəhayət Bəybala Hüseynov bəzi məqamları açıqlamağa başladı. Yəni, uzun müddət torpağı özəlləşdirənin kimliyini gizlətməklə, guya bu işdə həmin adamlara təsir etdiyini, o torpağın mərhum Şahkişi Bağırova və ailəsinə məxsus olduğunu deyib halallıq verilməsinin vaciblyini, bizim də köməkliyimizlə həmin torpaq sahəsinin 150.000 manata satılaraq halallığımızın verilməsinə hər cür addımlar atdığını deyirdi. Həmçinin mənə bəlli idi ki, Bəybala Hüseynov həmin torpaq sahəsinin satılması üçün torpağın bizə məlum olmayan və bizdən gizli əldə edilən çıxarışının surətini indiki Badamdar Bələdiyyəsinin sədri, əvvəllər reelitorluq fəaliyyəti göstərən Məmmədov Təzəxan Qılınc oğluna da vermişdi. Bütün bunlar bir daha sübut edirdi ki, Bəybala Hüseynov birbaşa bu işdə həmin şəxslərlə əlbirdir. Bunu deməyə əsas verən amillərdən biri də o idi ki, Bəybala Hüseynov mənim ona: -“Sahkişi Bağırovun həyat yoldaşı və mən bu barədə Baş Prokurorluğa müraciət edəcəyik, bu yerin saxta yolla sənədləşdirilərək ələ keçirilməsində əli olan hər kəsin cəzalandırılmasını tələb edəcəyik”– deməyimə, – “bu adam ora qanuni yolla sənəd alıb, Prokurorluq ona nə edər ki?!”- cavab verməsi bir daha sübut edirdi ki, Bəybala Hüseynov Badamdar qəsəbəsində saxta yollarla sənədləşdirib satdığı torpaqlardan biri kimi buradan da  məlumatlı idi və bu məsələdə də birbaşa iştirakçıydı. Belə olan halda Bəybala Hüseynov bilməliydi ki, haqsızlığa  düçar olan hər bir insanın nif-naləsi var, bu nalələr hər kəsin qapısını döyə bilər! Bu məsələmizin birinci tərəfi!

Qaldı ki, Bəybala Hüseynovun oğlunun ölümü ilə bağlı bizim araşdırmalarımızın ikinci tərəfinə. Bu məsələdə də müəmmalı nüanslar çoxdur. Bunları ətraflı olaraq oxucularımıza növbəti yazılarımızda təqdim edəcək, məsələnin əsl mahiyyətinin açılmasında hansı amillərin mövcudluğunu, əslində daha böyük maraqların- Dövləti və onun qorunmasında bilavasitə xüsusi rolu olan orqanların, şəxslərin nüfuzdan salınmasına yönələn addımların aşkar görünməsi özünü göstərməyə başlayır. Bəybala Hüseynovun özünün yazdığı kimi: “…Men bu işde yanila da bilerem, ama gec tez heqiqet uze cixacaq…” (olduğu kimi dərc edirik-F.Ə.)

Həqiqətən araşdırmalarımız və gəldiymiz nəticə bir daha göstərir ki, Bəybala Hüseynov oğlunun ölümünün qətl olmasında yanılır! Ətraflı…

Füzuli Əfqanoğlu 

 

 

PAYLAŞMAQ: