Məhkəmələrdə kadr islahatları aparılacaq

Məhkəmələrdə kadr islahatları aparılacaq

23.07.2019

0:48

“Yeni məhkəmələrin yaradılması, apellyasiya və kassasiya instansiyası məhkəmələrində kollegiyaların tərkibinin dəyişməsi ilə bağlı müvafiq kadr islahatları da aparılacaqdır”.

Bunu Azərbaycan Respublikası Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov deyib.

Onun sözlərinə görə, yeni hakim vəzifələrinə namizədlərin seçilməsi prosesi zamanı onların peşəkarlıq səviyyəsi qiymətləndiriləcək, müvafiq sahələrdə yüksək nəzəri və praktiki hazırlığının olmasına xüsusi diqqət yetiriləcək:

“Bu isə dövrün tələbləri ilə ayaqlaşan hüquqşünasların hazırlanması üzrə işin gücləndirilməsini şərtləndirir, o cümlədən hüquq təhsili qarşısında yeni tələblər qoyur”.

Fuad Ələsgərov qeyd edib ki, ictimai münasibətlər daim dəyişməkdədir.

“Yeni informasiya texnologiyalarının və innovasiyaların tətbiq edildiyi müasir dövrdə ictimai münasibətlərin inkişaf sürəti dəfələrlə artmışdır. Belə olan halda hətta ən mükəmməl qanun çoxşaxəli və mürəkkəb münasibətlərin bütün detallarını mütləq dəqiqliklə tənzimləyə bilməz. Bu baxımdan hüququn tətbiqi təcrübəsi xüsusi əhəmiyyət kəsb edir və hakimlər bu prosesdə olduqca böyük rol oynayırlar. Onlar məhkəmələrdə baxılan mübahisələri həll edərkən yalnız qanunun hərfi mənasını deyil, həmçinin ictimai münasibətlərin mahiyyətini və “qanunun ruhunu” nəzərə almalıdırlar. Yalnız bu halda məhkəmələr Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 aprel tarixli Fərmanında nəzərdə tutulmuş ideyaların həyata keçirilməsinə nail olacaq, hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyini və məhkəmə qərarlarının daha proqnozlaşdırılan olmasını təmin edəcəklər.

Bütövlükdə, qədəm qoyduğumuz məhkəmə-hüquq islahatları Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanında verilmiş tapşırıq və tövsiyələrə müvafiq olaraq, vətəndaşların hüquqlarının məhkəmələrdə daha etibarlı müdafiəsini təmin etməklə məhkəmələrə etimadın və məhkəmə sisteminin nüfuzunun daha da yüksəldilməsinə səbəb olacaqdır. Aparılan islahatlar ədalət mühakiməsinin keyfiyyətini və səmərəliliyini artırmaqla, ümumilikdə, hüquq sisteminin inkişafına mühüm təsir göstərəcəkdir”, – deyə, PA rəsmisi vurğulayıb.

PAYLAŞMAQ: