Dubay aeroportundakı “ağıllı tunel”dən 20 mindən çox sərnişin keçib

Dubay aeroportundakı “ağıllı tunel”dən 20 mindən çox sərnişin keçib

24.07.2019

15:13

Keçən ilin oktyabırından bu günə kimi Dubayın beynəlxalq hava limanında pasport nəzarətini əvəz edən və sınaq məqsədilə qurulan “ağıllı tunel”dən 20 mindən çox sərnişin istifadə edib.

AZƏRTAC xəbər verir ki, Dubayın Rezidentlik və Xarici İşlər üzrə İdarəsinin direktoru Məhəmməd əl-Merri tunelin Birləşmiş Ərəb Əmirliklərində işlənildiyini və bu sistemin dünyada analoqu olmadığını deyib. Hava limanının 3-cü terminalının uçuş zonasında quraşdırılmış “ağıllı tunel”dən hakimiyyət orqanlarının ixtiyarında biometrik məlumatları olan Dubay sakinləri və rezidentlər istifadə edə bilir.

“Ağıllı tunel” səyahətçilərə sərhəd nəzarəti postunu pasport və digər şəxsiyyəti təsdiq edən sənədlər təqdim olunmadan 15 saniyəyə keçmək imkanı yaradır. Onun iş prinsipi çoxsaylı videokameralar vasitəsilə insan üzlərini tanımaq üzərində əsaslanır.

İlin əvvəlində Birləşmiş Ərəb Əmirlikləri hakimiyyəti 2020-ci ilədək bütün ölkə ərazisində pasport nəzarətinin tam avtomatlaşdırılması niyyətini açıqlayıb.

PAYLAŞMAQ: