Lənkəranın Liman qəsəbəsində əl qumbarası aşkarlanıb

Lənkəranın Liman qəsəbəsində əl qumbarası aşkarlanıb

03.08.2019

20:25

Avqustun 3-də saat 09:37-də Dövlət Sərhəd Xidmətindən (DSX) Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Lənkəran şəhərinin Liman qəsəbəsində bir əl qumbarasının tapılması barədə məlumat daxil olub.

ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupunun və DSX-nin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Qurumun mütəxəssisləri və Xidmətin əməkdaşları ərazidə dəniz sahilinə baxış keçiriblər. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən əhatəyə alınıb. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bir ədəd F-1 əl qumbarası aşkarlanıb. Həmin sursat zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Qumbaranın ətrafında 200 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Ümumilikdə agentlik tərəfindən yanvarın 1-dən 3-dək 1681 ədəd partlamamış hərbi sursat, 18 min 630 ədəd müxtəlif çaplı patron, piyada əleyhinə 11, tank əleyhinə 18 və tank əleyhinə təlim məqsədli 30 mina zərərsizləşdirilib. Həmin müddətdə 137 min 900 kvadratmetr ərazi yoxlanılıb.

PAYLAŞMAQ: