Azərbaycanlı tarzənin ifası Rumıniyada rəğbətlə qarşılanıb

Azərbaycanlı tarzənin ifası Rumıniyada rəğbətlə qarşılanıb

Avqust 6, 2019

Azərbaycanlı tarzən, Əməkdar artist Sahib Paşazadə Qazaxıstanın Karaqanda şəhərinin Tattimbet adına Akademik xalq çalğı alətləri orkestri ilə birlikdə Rumıniyanın Buxarest və Konstantsa şəhərlərində qastrolda olub.

AZƏRTAC xəbər verir ki, Qazaxıstan mədəniyyətinin xaricdə tanıdılması üzrə “Ruhani Janğıru” milli proqramı çərçivəsində keçirilən qastrollar Türkiyə Mədəniyyət Nazirliyi və Qazaxıstanın Rumıniyadakı səfirliyinin dəstəyi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) və Yunus Əmrə Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə baş tutub.

Qazaxıstan və Rumıniyanın incəsənət xadimləri, dövlət orqanlarının əməkdaşları, akademik və işgüzar dairələrin nümayəndələri və ictimaiyyətin təmsilçiləri konsertlərə baxıblar.

Konsertlərdə dirijor Dyuseyn Ukibayın rəhbərlik etdiyi orkestrin ifasında türk dünyasının klassik müəlliflərinin və görkəmli bəstəkarlarının əsərləri səsləndirilib. Müğənnilər Talqat İdrisov, Gülmira Tapay və Daurenbek Arkenov türk mədəniyyətinin nümunələrini təqdim ediblər. Qazaxıstan və Türkiyədən olan artistlər orkestrin müşayiəti ilə çıxış ediblər.

İstedadlı tarzən S.Paşazadənin məharətlə ifa etdiyi “Çahargah rapsodiyası” rumın musiqisevərlərin qəlbini fəth edib.

PAYLAŞMAQ: