Qaret Beyl üçün son 2 gün

Qaret Beyl üçün son 2 gün

06.08.2019

23:55

Qaret Beylin “Real Madrid”dəki vəziyyəti artıq hamıya məlumdur. Beyl “Real Madrid”i, “Real Madrid”sə Beyli istəmir. Keçən yazımızda Beylin Çinə transferinin baş tutmamasını və bunun səbəblərini qeyd etmişdik. Çinə transfer ən aktual və optimal variant kimi görünsə də alınmadı və bitdi.

Beyl üçün tunelin sonundakı işıq kimi görünən tək yer var, o da gəldiyi yerdi. Yenidən İngiltərəyə qayıtmaq böyük ehtimalla Beylin ağlından dəfələrlə keçib. Məsələ burasındadır ki, İngiltərədə transfer pəncərəsi bu həftənin cümə axşamı günü bağlanacaq. “Real Madrid” Beylin Çinə transferinin baş tutmamasından sonra onu Paul Pogba üçün “Mançestr Yunayted”lə bağlanacaq müqavilədə istifadə etmək istəyirdi. Beləliklə həm Zidanın Pogba arzusu gerçəkləşəcək həm də Beyl problemi tamamilə həll olunacaqdı. Ancaq sən saydığını say, gör fələk nə sayır. İngilislər bütün təklifləri rədd edib, Pogba üçün nə az nə çox düz 153 milyon funt sterlinq tələb etdiklərini bildirdilər.

İngiltərədə transfer pəncərəsi bağlanana qədər heç bir kluba transfer olmayacağı təqdirdə Beyl “Los Blankos”da onu istəmədiyini və yeni sezonda öz planlarında onu görmədiyini bariz şəkildə bildirən baş məşqçi ilə qalmalı olacaq.

Uels yığmasının üzvü “Real Madrid”in bu yay keçirdiyi 5 yoldaşlıq oyununda cəmi 80 dəqiqədən da az müddətdə meydanda olub və Almaniyada keçirilən “Audi Cup” turnirinə isə ümumiyyətlə qatılmayıb.

PAYLAŞMAQ: