Vətənimizin müdafiəsi zamanı şəhid olmuş şəxslərin övladları üçün yay məktəbi təşkil edilib

Vətənimizin müdafiəsi zamanı şəhid olmuş şəxslərin övladları üçün yay məktəbi təşkil edilib

Avqust 7, 2019

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Ailələrə Sosial Dayaq İctimai Birliyi (İB) “Şəhid ailələrinin uşaqları üçün yay məktəbinin təşkili” adlı layihə həyata keçirir.

İB-dən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində Mingəçevirdə və ətraf ərazilərdə yaşayan şəhid ailələrinin uşaqları üçün iki həftəlik yay məktəbi təşkil olunub. Yay məktəbi zamanı şəhid övladları üçün maraqlı məşğələlər, intellektual oyunlar keçirilir.

Vətənin müdafiəsində şəhid olmuş şəxslərin övladları üçün yay məktəbi təşkil etməkdə əsas məqsəd onların tətil dövründə asudə vaxtlarının səmərəli keçməsinə, bilik və bacarıqlarının artırılmasına nail olmaqdır.

Layihənin vətənpərvərlik mövzusuna həsr olunan ikinci tədbiri avqustun 7-də keçirilib. Qarabağ müharibəsi könüllülərinin iştirak etdikləri tədbirdə veteranlarımız keçirdikləri məşəqqətli müharibə günləri ilə bağlı xatirələrini uşaqlarla bölüşüblər.

Sonra müharibə iştirakçıları uşaqların suallarını cavablandırıblar.

Şəhid ailələrinin övladları ilə veteranlar arasında maraqlı müzakirələr aparılıb.

Məktəblilər üçün, həmçinin maraqlı oyunlar, gəmi ilə Kür çayında gəzinti təşkil olunub.

PAYLAŞMAQ: