Paşinyan erməniləri yeyir

Paşinyan erməniləri yeyir

08.08.2019

14:57

Baş nazirimiz bizi yeyir, gəmirir, məhv edir. Onun üsul-idarəsi, administrasiyası ermənilərə qənim kəsilib. O, çoxlu vədlər verir, bəlağətlə danışır. Amma biz kasıblar və yoxsullar üçün heç nə etmir.

Ermənistanın Gekarkunik vilayətinin 47 sakinin imzaladıqları və Prezident Dəftərxanasına ünvanladıqları açıq məktubda belə deyilir.

Onlar Ermənistandakı gerçək vəziyyətdən şikayətlənirlər. Daha doğrusu, dad deyirlər.

Ermənistanın baş naziri Nikol Paşinyanın vədlərinin, çıxışlarının və bəyanatlarının tam əksinə olaraq, ölkə iqtisadiyyatında vəziyyət fəlakət səviyyəsindədir. Faktiki olaraq Rusiya şirkətləri və yerli oliqarxlar arasında bölünmüş iqtisadiyyat son 12 ildəki sürətli geriləmədən qurtula bilmir. Tam əksinə, Paşinyan hakimiyyətə gələndən sonra ölkənin maliyyə-iqtisadi vəziyyəti daha da pisləşib.

Belə acınacaqlı vəziyyətdə N.Paşinyan “müdafiə və hərbi xərclərin” artırılması adı ilə dövlət büdcəsindən silahlı qüvvələrə yönələn vəsaitin həcmini yüksəldir.

Ermənistan Maliyyə Nazirliyinin bu günlərdə açıqladığı hesabata görə, sən demə, bu ilin ilk yarısında dövlət büdcəsinin gəlirləri 25,1 faiz artıb. Büdcəyə 758,5 milyard dram (təqribən 1,6 milyard dollar) yığılıb ki, bu da təxminlənən həcmdən 8,4 faiz artıqdır.

Yəni ermənilərin rəsmi statistikasına inansaq, İrəvanın “asudə” 55 milyard dramı var.

Təbii ki, rəqəmlər absurddur və Ermənistanın dövlət büdcəsinin kəsiri 63,2 milyard dram olduğu halda, gəlirlərin 25,1 faizlik artımını iddia etmək tam absurddur. Ən azı ona görə ki, iqtisadiyyatın faktiki olaraq bütün (!) sahələrində orta hesabda 3,2 faizlik geriləmə qeydə alınıb.

Lakin olsun, fərz edək ki, Nikol Paşinyanın yalanlarının səngimədiyi şəraitdə baş nazir kimi yalançılığa və saxtakarlığa adət etmiş irəvanlı məmurlar “dürüst” rəqəmləri səsləndiriblər.

Belədirsə, yəni Ermənistanın dövlət büdcəsində “artıq qalmış” 55 milyard dram varsa, nə üçün vətəndaşların ən ağır sosial-iqtisadi problemlərinin həllinə yönəldilməyib?! Sualın cavabı yoxdur.

Ermənistana dövlət müstəqilliyi həll olunan gündən bəri bu kiçik və səfil ölkədə o qədər sosial-iqtisadi probemlər yığılıb qalıb, vətəndaşların üzləşdikləri çətinlikləri və müşküllərin sayı o qədər artıb ki, indi həmin Avgi tövlələrinin təmizlənməsi üçün bir yox, min Herakl da yetməz.

Məsələn, Gümrü şəhərində uçulub-dağılan evlər. Ermənistanın ikinci böyük şəhərində indi 2850 yastı-yapalaq daxma və hər an dağılıb sakinlərini məhv edə biləcək mənzillər var. Həmin məkanlarda yaşayanlar 1988-ci ildəki zəlzələdə evlərini itirən ermənilərdir.

31 ildir ki, həmin binəvalar o daxmalarda, dağılan binalardakı mənhus mənzillərdə, daxmalarda, hətta qazmalarda və konteynerlərdə yaşayırlar.

Tam 31 il.

Bu adamların yeni mənzil almaq ümidləri çoxdan puç olub.

Ermənistan prezidenti Armen Sarkisyan guya şəfqət və humanistlik nümayiş etdirərək illik maaşını, yəni təqribən 23 min dolları Gümrüdəki həmin binəvalara yollayıb.

Ki, ev alsınlar, ya ev tiksinlər, ya da yaşadıqları daxmaları təmir etdirsinlər.

23 min dollara 2850 məkanın problemini həll etmək olarmı? Axmaq sual təsiri bağışlasa da, Ermənistan prezidenti ilə bahəm, baş nazir Nikol Paşinyan iddia edirlər ki, qismən də olsa, hə.

Guya “artıq qalan” 55 milyard dramı Dağlıq Qarabağ münaqişəsi zonasındakı hərbi əməliyyatlar nəticəsində yaralanıb şikəst qalan, daha dəqiq desək, Ermənistanın işğalçılıq siyasətinin qurbanı olan sabiq hərbçi əlillərə evlərin tikilməsinə və mənzillərin ayrılmasına yönəltmək olardı.

Əhalisinin tam əksəriyyəti (rəsmi statistikaya görə, 19 faizi, reallıqda isə 83,3 faizi) yoxsulluq həddindən aşağı durumda olan Ermənistanda yeni iş yerləri açmaq, kasıb və aztəminatlı ailələrin sosial problemlərini az da olsa, çözmək mümkündür.

Amma yox: N.Paşinyan və onun hökuməti sadə ermənilər barədə düşünməyib, indi də belə fikirdə deyil.

Yenə də faktlara nəzər salaq.

İki gün əvvəl Ermənistanın yüksək texnologiyalar sənayesi naziri (bəli, gülməyin, Ermənistanda belə vəzifə də var) Hakop Arşakyan “Radio Azatutyun”a müsahibəsində bildirir ki, ölkənin “hərbi-müdafiə sənayesi”nə ayrılan büdcə vəsaiti artırılaraq 2,8 milyard dramdan 6 milyard drama çatdırılacaq. Bu, sadəcə, rəsmi rəqəmlərdir.

Əslində isə Ermənistanın orduya və hərbi-texniki təminata sərf etdiyi pulların həcmi dəfələrlə artıqdır.

Doğrudur, Ermənistan işğalçılıq siyasəti yürüdür, Dağlıq Qarabağda və Azərbaycanın işğal olunmuş digər ərazilərində böyük hərbi kontingent saxlayır, generalların lüks həyatının təminatına, onların ailə üzvlərinin və məşuqələrinin xərclərinə böyük məbləğlər gərəkdir və s.

Fəqət, Ermənistan Rusiyadan “güzəştli kreditlər hesabına” adı ilə, əslində, hədiyyə qismində ən müasir silah və hərbi texnika, hətta qırıcılar və raket sistemləri alırsa, büdcə vəsaitini əlavə olaraq mənimsəməyin bir adı var – əxlaqsızlıq və oğruluq.

Nikol Paşiyan gah Ermənistan əhalisini 10 il sonra 5 milyona çatdırmaqdan danışır, gah erməni ordusunun dünyanın ən qüdrətli 20 ordusu arasında yer alacağını deyir, gah da az qala Ermənistanın Marsda koloniyalar quracağını vəd edir.

Belə şizofrenik vədləri və çıxışları ermənilər çox eşidiblər.

Xüsusilə də Azərbaycanla həmsərhəd bölgələrdə yaşayan ermənilər. O adamlar ki, ölən və məhv olan, sakinləri sürətlə azalan kəndlərdə ömür sürürlər.

Həmin kəndlərdə məşğulluq, işə düzəlmə az qala həlli mümkünsüz müşkülə dönüb. Sosial-iqtisadi problemlər həndəsi silsilə ilə artır, təhsil və səhiyyə sistemi ağlar gündədir.

Yeni məktəblər tikilmir. Olan məktəblərdə isə şagirdlərin sayı daim azalır.

Səbəb: ermənilər bir tikə çörək və normal gələcək arxasınca ölkəni tərk edirlər.

Gedənlərin çoxu Rusiyaya üz tutur.

“Artıq” milyardları Ermənistanda kənd təsərrüfatının iflic durumdan çıxarılmasına da yönəltmək olardı. Erməni fermerlər dövlətin dəstəyini görmədiklərini, çox ağır şərtlərlə çalışdıqlarını deyirlər.

Yəni o pulları səhiyyəyə, təhsilə, fermer təsərrüfatlarının dəstəklənməsinə, mənzil tikintisinə ünvanlamaq olardı.

Amma yox: Nikol Paşinyan həmin “artıq” 55 milyardı hərbi “sənaye”yə və orduya vermək qərarına gəlib.

Niyə?

Çünki həmin sahədə pulların sonrakı taleyini izləmək, müəyyənləşdirmək çox çətindir.

Hərbi xərclərdə korrupsiya və mənimsəmə izlərini asanlıqla itirmək olur.

Nikol Paşinyan “mənim xalqım” dediyi ermənilərin ehtiyaclarına, onların maraqlarına tüpürmək belə, istəmir.

“Hər kəs başını saxlasın, özünü dolandırsın” prinsipinin yaşam qanununa çevrildiyi Ermənistanda başqa necə olmalıydı ki.

İllah da ki, o 55 milyard dram, ümumiyyətlə, yoxdursa…

PAYLAŞMAQ: