“Neftçi” – “Bney Yehuda” oyunu heç-heçə başa çatıb

“Neftçi” – “Bney Yehuda” oyunu heç-heçə başa çatıb

Avqust 8, 2019

Avropa Liqasında III təsnifat mərhələsinin ilk oyunları davam edir.

APA-nın məlumatına görə, qitənin ikinci dərəcəli klub turnirində mübarizəni davam etdirən yeganə Azərbaycan təmsilçisi “Neftçi” də növbəti sınağına çıxıb.

Ölkəmizin ən titullu klubu İsrailin “Bney Yehuda” klubu ilə qarşılaşıb. Bakı təmsilçisi ilk görüşü evdə keçirib.

Əvvəlki iki mərhələdə Moldovanın “Speranta” (3:0, 6:0) və Rusiyanın “Arsenal” (1:0, 3:0) klublarını quru hesablı məğlubiyyətlərə uğradan Roberto Bordinin yetirmələri Azərbaycan futbol tarixinə mütləq rekordçu kimi düşməyə çalışsalar da, bunu bacarmayıblar. Həm ardıcıl qələbə, həm də quru oyunlar sayında ölkə rekordunu təkrarlayan “ağ-qaralar”ı “5”ə çatmağa israillilər imkan verməyiblər.

Belə ki, matç gözlənilənlərin əksinə olaraq, “Bney Yehuda”nın üstünlüyü ilə başlayıb. Onlar bunun nəticəsi olaraq, 26-cı dəqiqədə hesabı açıblar. Tambi Saqas bu mövsüm qapısında qol görməyən “Neftçi”ni mərkəzə dəvət edib. Bundan 10 dəqiqə sonra qonaqlar daha bir dəfə fərqləniblər. Bu dəfə Mohammed Qadir Bakı təmsilçisinin müdafiəsindəki boşluqdan məharətlə yararlanıb – 2:0.

Bu qoldan sonra “Neftçi” hücumlarının kəsərini artırıb və 43-cü dəqiqədə Stiven Jozef-Monroz fərqi azaldıb.

İkinci hissə isə bakılıların aşkar üstünlüyü ilə keçib. Lakin rəqibin tam heyətlə müdafiədə “oturması” komandamızın işini çətinə salıb. buna baxmayaraq, Namik Ələskərov əlavə edilmiş dəqiqələrdə status-kvonu bərpa edib.

Beləliklə, görüş 2:2 hesabı ilə yekunlaşıb. Komandalar arasında cavab oyunu isə avqustun 15-də olacaq.

PAYLAŞMAQ: