İdmançımız Ukraynada keçirilən çimərlik güləşi üzrə dünya seriyasında çempion olub

İdmançımız Ukraynada keçirilən çimərlik güləşi üzrə dünya seriyasında çempion olub

Avqust 11, 2019

Avqustun 10-da Ukraynanın Odessa şəhərində çimərlik güləşi üzrə dünya seriyasının növbəti mərhələsi keçirilib.

AZƏRTAC xəbər verir ki, yarışdakı yeganə təmsilçimiz Oyan Nəzəriani (90 kq-dan yuxarı) keçirdiyi bütün görüşlərdə qələbə qazanaraq çempion olub. Güləşçimiz əvvəlcə qrup mərhələsində ukraynalı rəqiblərinə – İvan Malin (3:0) və Roman Dovqalyuka (3:1) qalib gəlib. Yarımfinalda digər qrupun birincisi olmuş Məhəmməd Zəkəriyevi (Ukrayna) 3:0 hesabı ilə məğlub edən O.Nəzəriani finalda yenidən R.Dovqalyukla üz-üzə gəlib. Bu dəfə minimal hesablı qələbə idmançımızın çempion olması üçün kifayət edib.

Qeyd edək ki, bu uğur güləşçimizə 10 min reytinq xalı qazandırıb. Bununla da güləşçimizin xal ehtiyatı 28 minə çatıb və öz çəkisində reytinqdə liderliyini bir qədər də möhkəmləndirib. Dünya seriyasının sonuncu – final mərhələsi sentyabrın 7-8-də Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək və bu yarışda çempionlar 30 min reytinq xalı qazanacaqlar.

PAYLAŞMAQ: