Abşeron və Şəmkirdə qurbanlıq heyvan kəsimi və satışı aparılan yerlərdə dezinfeksiya işləri yekunlaşıb

Abşeron və Şəmkirdə qurbanlıq heyvan kəsimi və satışı aparılan yerlərdə dezinfeksiya işləri yekunlaşıb

15.08.2019

10:19

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri tərəfindən bu gün səhər saatlarından etibarən Qurban bayramı ilə əlaqədar paytaxt və bölgələrdə qurbanlıq heyvanların satışına icazə verilmiş yerlərdə dezinfeksiya tədbirinə başlanılıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, artıq Abşeron rayonunda müvafiq qurumlar tərəfindən müəyyən edilmiş diri heyvanların satışının və kəsiminin aparıldığı 5, Şəmkir rayonunda isə 2 yerdə ödənişsiz əsaslarla dezinfeksiya tədbirləri yekunlaşıb.

İnfeksion və invazion xəstəliklərin qarşısının alınması məqsədilə aparılan dezinfeksiya işində kimyəvi məhlullar əraziyə xüsusi maşınlarla güclü axın şəklində səpilib, eləcə də mexaniki dezinfeksiyaedici qurğulardan istifadə edilməklə aparılıb.

Obyektlər dezinfeksiya tədbirlərindən sonra təsərrüfat sahiblərinin istifadəsinə verilib, bununla da heyvan satışı üçün ərazilərin baytarlıq-sanitariya cəhətdən yararlılığı təmin olunub.

Qeyd edək ki, bu tədbir digər rayon və şəhərlərdə ardıcıl şəkildə davam etdirilir. Tədbirin avqustun 16-da yekunlaşması nəzərdə tutulur.

PAYLAŞMAQ: