Azərbaycan-Portuqaliya münasibətləri elm və mədəniyyət işığında

Azərbaycan-Portuqaliya münasibətləri elm və mədəniyyət işığında

Noyabr 3, 2018

Фото: Город Порту

Noyabrın 3-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) “Elm çırağı” İctimai Birliyinin təşkilatçılığı ilə “Azərbaycan və Portuqaliya elm, mədəniyyət müstəvisində” mövzusunda növbəti elmi seminar keçirilib.

AZƏRTAC xəbər verir ki, ictimai birliyin sədri, professor Naidə Məmmədxanova rəhbərlik etdiyi təşkilat tərəfindən müxtəlif ölkələrin elminə, mədəniyyətinə, tarixinə həsr olunan silsilə tədbirlərin keçirildiyini söyləyib. O, seminarın Azərbaycan ilə Portuqaliya arasında elm, mədəniyyət və mənəviyyat dialoquna həsr olunduğu bildirilib.

BMA-nın prorektoru, professor Gülnaz Abdullazadə iki dövlət arasındakı mədəni əlaqələrdən, dahi Üzeyir bəyin fəaliyyətindən, yaratdığı ölməz musiqilərdən söz açıb. Prorektor Azərbaycan və Portuqaliya müsiqilərini müqayisəli şəkildə təhlil edib.

Tədbirdə çıxış edən Portuqaliyanın ölkəmizdəki diplomatik nümayəndəliyinin müvəqqəti işlər vəkili Jorge Gabriel Silva da Fonseca Azərbaycan-Portqaliya münasibətlərinin inkişaf tarixinə toxunaraq, portuqal dilinin istifadə imkanları və ölkəsinin təhsil sistemi haqqında məlumat verib. O, dünyada 260 milyondan çox insanın danışdığı portuqal dilinin Azərbaycanda da geniş çəkildə öyrənilməsində maraqlı olduqlarını bildirib.

Seminarda Bakı Xoreoqrafiya Akademiyasının informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Əbülfəz Babazadənin “Pedro Alvariş Kabral və luzofoniyanın təşəkkülü”, professor Naidə Məmmədxanovanın “Joze Saramaqo, onun ölüm və əbədilik konsepsiyası”, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi Sehran Qasıminin “Azərbaycan-Portuqaliya: mədəni əlaqələr” mövzularında məruzələri dinlənilib.

Tədbirdə gənc rəssamların əsərləri nümayiş olunub, BMA-nın tələbələri Azərbaycan və Portuqaliya bəstəkarlarının əsərlərindən ibarət maraqlı konsert proqramı təqdim ediblər

PAYLAŞMAQ: