Maaşları vermək üçün “Bozdag”ı ruslara satdı, “Masallı” hələ həbsdədir…

Maaşları vermək üçün “Bozdag”ı ruslara satdı, “Masallı” hələ həbsdədir…

03.11.2018

16:00

Azərbaycanlı oliqarx, biznesini böyüdəcəyi və Türkiyədə yüzlərlə iş yeri açacağı barədə cəmi bir gün əvvəl iddialı bəyanatla çıxış edən Mübariz Mənsimov dənizçilərin maaş borclarını ödəmək üçün “Palmali”yə aid tankerlərdən birini ruslara satıb. Virtualaz.org xəbər verir ki, bir ildən artıqdır  Estoniyanın Tallin limanında  “Palmali”nin borclarına görə həbs altında olan “Bozdag” tankerini “Qazprom neft” şirkəti alıb.

“Sputnik Estoniya” agentliyi bildirir ki, noyabrın 1-də “Qazprom neft”dən kapitan və baş mexanik “Bozdag” tankerinin göyərtəsinə qalxıblar. Onlar gəminin Rusiya şirkətinin donanmasına təhvil verilməsi üçün hazırlıqlara başlayıblar. “Palmali” şirkəti isə gəminin satışından əldə edilən pulla “Bozdağ” tankerinin heyət üzvlərinin aylardır yığılıb qalan maaş borclarını ödəyəcək.

“Bozdağ”ın kapitanı Nikolay Krupa bildirib ki, “Palmali” tankerin satışından əldə etdiyi puldan artıq heyət üzvlərinin maaş borclarını ödəmək üçün Estoniyadakı gəmi agentinin hesabına vəsait köçürüb. Və üç gün ərzində “Bozdağ”ın heyət üzvləri nəhayət maaşlarını alacaqlar.

Estoniyanın Rusiyadakı səfirliyinin konsul şöbəsinin əməkdaşı Daniel Sundetbayeva təsdiq edib ki, gəmi “Qazprom neft” tərəfindən alınıb. O bildirib ki, gəminin satışı haqda səfirliyi “Palmali”nin texniki istismar üzrə vitse-prezidenti Yuri Yusupov məlumatlandırıb. Habelə bildirib ki, heyət üzvlərinin maaş borclarının ödənilməsi üçün pul köçürülüb.

Daneliya Sundetbayeva

“Bozdağ” tankerinə hazırda 9 iddiaçı var və “Palmali” onlara aylardır maaş vermirdi. Həmin heyət üzvlərinin 5-i bilavasitə gəmidə, qalanları sahildə işləyir. “Yaxın günlərdə heyət üzvlərinin maaş borcları ödəniləcək və tanker noyabrın 7-də “Qazprom neft”ə təhvil veriləcək”-Daneliya  Sundetbayeva bildirib.

Xəbər verilir ki, Tallin limanında bir ildən çoxdur “Palmali” şirkətinin daha bir gəmisi-“Masallı” tankeri həbs altında saxlanılır. Bu gəminin heyət üzvləri də aylardır maaş ala bilmir. Heyətə 2 Rusiya, 4 Azərbaycan vətəndaşı daxildir. İndi “Palmali” şirkəti “Bozdag”ın satılmasından əldə etdiyi pulla həmin tankerin də heyət üzvlərinin maaşlarını ödəyəcək. Lakin bir qədər sonra, təxminən noyabrın 12-də.

“Bozdag”ın baş mexaniki

Sundetbayeva deyib ki, “Qazprom neft” “Masallı” tankerini almayıb, amma heyət üzvlərinin maaşları ödəniləcək.

“Bozdag” tankerinin baş mexaniki Aleksey Volosevç deyir ki, həm onlar, həm “Masallı” tankerinin heyəti aylardır “Palmali” tərəfindən yalan vədlərlə aldadılırdı: “Iyun ayından bütün bunlar davam edir. Kapitan şirkətə zəng vurur, ona deyirlər pullar sabah ödəniləcək, o biri gün ödəniləcək. Günlər, həftələr keçir, ortada heç nə yoxdur. “Qazprom neft”dən oktyabrın əvvəllərində bizə qarantiya məktubu göndərdilər ki, əgər oktyabrın 15-nə qədər bütün pullarımı alsam məni evə göndərəcəklər və nə “Palmali” şirkətinə, nə “Qazprom neft”ə, nə üçüncü tərəfə heç bir iddiam olmayacaq. Oktyabrın 15-i də gəlib keçdi, pul ödənilmədi. Bundan sonra oktyabrın 20-nə, 30-na vəd verdilər”.

“Bozdag”ın aşbazı Pavel Turomş isə deyib ki, onları hiddətləndirən daha çox aylardır gəmi sahibinin sövdələşmələrinin girovuna çevrilmələri olub.“Məsələ onda deyil ki, “Palmali” gəmini satır, yaxud satmır. Məsələ bundadır ki, biz niyə bunlara dözməliyik? Nəyə görə bizim maaşlarımız gəminin satışından asılı olmalıdır? Axı biz öz işimizi görmüşük”-o bildirib.

Dənizçilərin dediyinə görə hələ bu ilin fevral-mart aylarından “Qazprom neft” gəmini almaq üçün danışıqlar aparırdı, amma tərəflər məbləğdə anlaşa bilmirdi. Yay aylarında isə gəmiyə Latviya, Qətər və Yunanıstanın gəmiçilik şirkətlərinin nümayəndələri gəlirdilər. “Gəmini almaq istəyirdilər, amma bizə deyirdilər ki, “Palmali” həddən artıq çox pul istəyir”-heyət üzvü Aleksey Voloseyeviç deyir.

 

Nəticədə tanker Tallin limanında ilişib qalıb, heyət isə “Palmali”nin girovuna çevrilib. “Şirkət bizi bu vəziyyətə saldı ki, gəmi satılmayana qədər pul almayacaqsınız. “Palmali”nin çox gəmisi var, onlar bütün bu vaxt ərzində işləyirdilər”-heyət üzvü əlavə edir.

Xatırladaq ki, “Palmali”nin sahibi Mübariz Mənsimov bəyanatla çıxış edərək 2019-cu il yanvarın 1-dən bütün biznesini Türkiyədə cəmləşdirəcəyini, bütün gəmilərinin Türkiyə bayrağı altında üzəcəyini bildirib. Habelə Türkiyədə yeni gəmilər sifariş edib yüzlərlə iş yeri açacağına iddia edib.

Virtualaz.org

PAYLAŞMAQ: