Birinci Dünya müharibəsinin başa çatmasının 100 illiyi münasibətilə Parisdə təntənəli mərasim keçirilib

Birinci Dünya müharibəsinin başa çatmasının 100 illiyi münasibətilə Parisdə təntənəli mərasim keçirilib

11.11.2018

16:54

Noyabrın 11-də Birinci Dünya müharibəsinin başa çatmasının 100 illiyi münasibətilə Parisdə, Zəfər Tağının yerləşdiyi meydanda təntənəli mərasim keçirilib.

Mərasimdə 85 ölkənin dövlət və hökumət başçıları, o cümlədən ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putin, Almaniya Kansleri Angela Merkel, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və digərləri, eləcə də beynəlxalq təşkilatların rəhbərləri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, ölkəmiz tədbirdə xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.

Mərasim iştirakçıları Yelisey Çölləri prospekti ilə hərəkət edərək tədbirin əsas hissəsinin keçirildiyi əraziyə – Zəfər Tağının ətrafına gəliblər.

Fransa Prezidenti Emmanuel Makron fəxri qarovul dəstəsini salamladıqdan sonra hərbi orkestrin ifasında bu ölkənin dövlət himni – “Marselyoza” səsləndirilib.

Sonra Fransa, Britaniya, Çin, ABŞ və Almaniya əsgərlərinin Birinci Dünya müharibəsinin başa çatdığı gün – 1918-ci il noyabrın 11-də yazdıqları xatirələrdən parçalar oxunub.

Fransa Prezidenti Emmanuel Makron tədbirdə çıxış edib.

Mərasimə qatılan dövlət və hökumət başçıları, nümayəndə heyətlərinin rəhbərləri “Naməlum əsgər” abidəsini ziyarət ediblər.

Fransa Prezidenti əbədi məşəli alovlandırıb.

Təntənəli mərasim “Naməlum əsgər” abidəsinin üzərinə əklilin qoyulması, müharibə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunması və kilsə zənglərinin çalınması ilə başa çatıb.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

PAYLAŞMAQ: