Kiyevdə Qlobal Təşəbbüsləri Dəstəkləyən Parlamentarilər Təşkilatının illik Forumu keçiriləcək

Kiyevdə Qlobal Təşəbbüsləri Dəstəkləyən Parlamentarilər Təşkilatının illik Forumu keçiriləcək

14.11.2018

15:53

Ukrayna parlamentində Qlobal Təşəbbüsləri Dəstəkləyən Parlamentarilər Təşkilatının 40-cı illik Forumu və Beynəlxalq Cinayət Məhkəməsi və Qanunun Aliliyinə dair Parlamentarilərin 10-cu Konsultativ Assambleyası keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev bu tədbirlərdə iştirak etmək üçün noyabrın 15-də Ukraynanın paytaxtı Kiyevə səfər edəcək.

Tədbirlərdə qanunvericilik və məhkəmə sistemi sahəsində hazırkı vəziyyət və gələcək islahatlarla bağlı Roma Statutunun rolu, həmçinin müharibə cinayətlərinin milli və beynəlxalq səviyyədə qarşısının alınması, bu məsələlərdə Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasının artırılması imkanları müzakirə olunacaq.

Azay Quliyev “Beynəlxalq qanunun aliliyinin təmin olunması istiqamətində addımların atılması: Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun universal ratifikasiyası üçün çağırışlar və imkanlar” mövzusuna həsr edilmiş paneldə Roma Statutu ilə bağlı çıxış edəcək.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

PAYLAŞMAQ: