Azərbaycanda hüquq mühafizə orqanlarının qadın əməkdaşları üçün MOBILAZE layihəsi çərçivəsində seminar keçirilir

Azərbaycanda hüquq mühafizə orqanlarının qadın əməkdaşları üçün MOBILAZE layihəsi çərçivəsində seminar keçirilir

12.03.2019

18:39

Azərbaycan Respublikasında hüquq mühafizə orqanlarının qadın əməkdaşları üçün MOBILAZE layihəsi çərçivəsində seminar keçirilir.

AZƏRTAC xəbər verir ki, üç gün davam edəcək seminarın keçirilməsində məqsəd Azərbaycan Respublikası sərhəd və miqrasiya idarəçiliyi orqanlarından qadın əməkdaşları məlumat mübadiləsi üçün bir araya gətirərək, həm qurumlararası, həm də qurumdaxilində onların gündəlik vəzifələrinin icrasının səmərəliliyini artırmaqdır.

Tədbirdə çıxış edən Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sosial məsələlər üzrə birinci katibi Şəfa Qasımova seminarın əhəmiyyətindən danışıb. Ş.Qasımova Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında imzalanmış Yerdəyişmə üzrə Tərəfdaşlıq Bəyannaməsi çərçivəsində həyata keçirilən MOBILAZE layihəsinin məqsədinin nizamlı miqrasiya idarəçiliyini gücləndirəcək. O, bu layihənin Yerdəyişmə üzrə Tərəfdaşlığı imzalayan iştirakçı ölkələr arasında birbaşa mübadilə üçün möhkəm zəmin və real imkanlar yaradacağına əminliyini ifadə edib. Şəfa Qasımova onu da qeyd edib ki, MOBİLAZE layihəsi bu ilin iyul ayında başa çatsa da, nazirlik layihənin ikinci hissəsinin həyata keçirilməsində maraqlıdır.

Aİ-nin Azərbaycandakı nümayəndəliyinin müşaviri Simona Gatti bildirib ki, MOBİLAZE layihəsinin əsas tərəfdaşları XİN, Dövlət Miqrasiya Xidməti, Dövlət Sərhəd Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir. Onun sözlərinə görə, Azərbaycanda 10 min qadın bu layihədən faydalanır.

Sonra seminarda Çexiyadan və Latviyadan olan ixtisaslaşmış ekspertlərin, həmçinin Latviyanın Azərbaycandakı səfiri Juris Maklakovsun çıxışları dinlənilib. Çıxışlarda ölkəmizdə miqrasiya sahəsində aparılan monitorinqlərdən, təhlil və proqnozlaşdırma potensialının inkişafından, əmək miqrasiyasından ətraflı bəhs olunub.

 

PAYLAŞMAQ: