Nəsimi anadilli yazılı ədəbiyyat tarixində sözün bədii qiymətini ilk dəyərləndirən sənətkardır

Nəsimi anadilli yazılı ədəbiyyat tarixində sözün bədii qiymətini ilk dəyərləndirən sənətkardır

Mart 12, 2019

Azərbaycan ədəbi dili və ədəbiyyatı tarixində bütövlükdə XIV əsr təkcə İmaməddin Nəsiminin “Söz” qəzəli ilə təmsil oluna bilər. Nəsimi anadilli yazılı ədəbiyyat tarixində sözün bədii qiymətini ilk dəyərləndirən sənətkardır.

AZƏRTAC bununla bağlı AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Qüdsiyyə Qəmbərovanın “Nəsimi şeirində sözün hikmətləri” sərlövhəli məqaləsini təqdim edir.

Nəsimi sözü bir canlı varlıq kimi qəbul edib, onun kamil bədii tərifini verib. Şairin yaradıcılığında sözün yaranışından başlayaraq əbədiyyət qazanmasına qədərki mərhələləri sistemli şəkildə canlandırılıb. Nəsiminin şeirlərində bu fəlsəfi prosesin istiqaməti də bir ardıcıllıqla gedir: 1) Sözün yaranışı, 2) Sözün qiymətinin dərk olunması, 3) Sənətkarın sözə münasibəti, 4) Sözün məqsədi, 5) Sözün şeirə çevrilməsi, 6) Şairlik istedadı, 7) Şairin mükafatı. Dünya sivilizasiyası tarixində möcüzəvi maddi-mədəniyyət nümunələri olduğu kimi, mənəviyyat abidələri də mövcuddur. Əsl həqiqətdə isə Şərq aləmi hər iki mədəniyyətin əzəli və əbədi Vətənidir.

Sözün bu məqamında professor Samət Əlizadənin nurlu xatirəsini dərin ehtiramla yad edərək, onun Nəsimi möcüzəsinə verdiyi zəngin dəyərlərdən birini nümunə gətirək: “XIV əsrin böyük Azərbaycan şairi Nəsiminin sənət dünyası ilə üz-üzə durarkən özünü ümman kimi dərin idrakın və səma kimi zəngin xəyalın vəhdətindən yaranmış sehrli bir məbədin astanasında hiss edirsən”.

Bəli, Şərqin söz dahiləri söz sarayları, söz məbədləri, söz qəsrləri ucaltmışlar. Sözdən imarət quran şairlər sırasında gözümüz önündə hələ ki, Şeyx Nizamidən sonra Seyid Nəsiminin əzəməti canlanır. Bu fikir şairin istər sözə xüsusi qəzəl həsr etməsində, istərsə də söz barədə dürlü hikmətlər söyləməsində özünü təsdiq edir.

Nəsimi sözə ən əvvəl alim, sonra isə şair mövqeyindən yanaşır. Şairin nəzərində sözün elmi tutumu onun bədii qiymətini müəyyən edir.

Nəsimi sözü, hər şeydən əvvəl, Ulu Tanrının hökmünə bağlayır:

Söyləyən həqdir mənim dilimdə hərdəm, yoxsa mən,

Çar ənasirdən mürəkkəb bilisani-əbkəməm.

Nəsimidə söz anlayışı dilə bərabər tutulur – həm ünsiyyət vasitəsi, fikrin ifadə forması kimi dil mənasını, həm də milli-mənəvi sərvətlərin ən alisi və baqisi məzmununu daşıyır.

Bəs Tanrı hökmü olan sözə şair necə müraciət edir?

Nəsimiyə görə, söz candır, aliyü-asimanməkandır, könüldə kandır, xaliqi-cahandır, kəndi-kənduyə tərcümandır, ərşi-kürsidir, lövhü-qələmdir, çar üsnürdür, nöh asimandır, zahiri-batindir, əvvəlü-axirdir, aşkaravü həm nihandır, üquli nəsəb edən isbatdır, İsiyi-pakdır, ədəmi-Əhməd, Mehdiyi-Sahibüzzəmandır, fəzli-qeybdandır, bigirandır, qabili-kimyadır, möcüzədir, incədən incədir, xoş nəsihətdir, dəryayi-mühitü-kövni məkandır, cümlə Qurandır, ruhi-Qüdsdür və s.

Bir sözlə, söz dünyanın yaranış səbəbi, bəşəriyyətin haqqı bəyan etmə vasitəsidir:

Əlfazi-Nəsimi gör nə candır,

Dəryayi-mühitini – kövnü-kandır.

Yaxud:

Həqdən gələn kəlamın möcüzdür, ey Nəsimi,

Sənsən ki, küntü- kənzin əsrarinə bəyansan

Sözü söyləyən də insandır, dinləyən də. Bu mənada insanın dərketmə səviyyəsi şair üçün çox əhəmiyyətlidir:

Ey Nəsimi, gövhəri xərc eyləmə,

Olmayınca müştəri cananımız.

Nəsimiyə görə, şairin daxili dünyasını yalnız canan ola biləcək insan duyub dərk edə bilər. Nadanlar və cahillər qiymətli sözün qədrini bilməz:

Ey Nəsimi, satmagil sən cahilə dürri-ədən,

Cahili-nadan nə bilsin qiyməti-dürdanəyi.

Şair öz ideyasını ariflərin simasında gerçəkləşdirəcəyinə inanır:

Qulağı arifin ta kim, Nəsiminin sözün dinlər,

Sədəf tək inculər ağzı dolar dür-şahivarindən

Əlbəttə, qiymətli sözün sahibi olmaq ulu yaradanın öz bəndəsinə ən böyük hədiyyəsidir. Şair Tanrının ona bəxş etdiyi bu istedada görə daim şükür edir:

Şükr edərəm ilahimə hər nəfəs, ey Nəsimi kim,

Əhli-kəmalə məntiqin zəhməti-zülcəlalidir

Nəsimi bu ilahi töhfəni Allahın ağıl sahiblərinə böyük rəhməti kimi qəbul edir. Şairin düşüncəsində özünü yaxşı anlayıb dərk edə bilməyənlər hikmətli sözün qiymətini bilməzlər:

Kim ki, bilməz özünü, bilməyə pirlər sözünü,

Kəndisin anlamayan bilmədi hər kar nədir.

Dahi şair həm də söz əhlinə qarşı diqqət və hörmət etməyin xoş nəticəsini insanlara izah edir:

Qafil olma-dillər söhbətindən bir zaman,

Əhli-dillər söhbətindən şöleyi-iman bitər.

Sözsüz ki, bu nəsihətin bir səbəbi olmuşdur. Ətrafında həqiqi arif insanların olmaması şairi çox incəliklə gileylənməyə vadar etmişdir:

Arifi-həq istərəm söz tanıya aləmdə kim,

Söylərəm məqsudimi, ta ol verə gerçək cavab.

Görünür ki, yüzlərlə sualı müqabilində alacağı bir düzgün cavabın həsrəti şairi çox intizarda qoymuşdur. Bu biganəlikdən qurtarmağın çıxış yolunu mübariz şair özü tapır:

Dur, Nəsimi, sözünü töhfə üçün bəhrə ilət

Kim onun diqqətinə dürr ilə mərcan susadı.

Nəsimi sözə və şeirə əvvəlcə etik, sonra estetik istiqamətlərdən yanaşır. Bu məsələdə də bir fəlsəfi qanunauyğunluq var. Çünki söz, şeir yalnız əxlaqı formalaşdırdıqdan sonra estetik zövq mənbəyi ola bilər. Şeir yalnız kamillik qazanmış arif insanlara zövq-səfa bağışlayar.

Şeir son nəticədə mükəmməl zövqlü və ali əxlaqlı insan yetişdirir. Bu böyük məqsədə nail olmaq yolu isə təhsildən, savadlanmadan keçir:

Çün qirü-qarın qiymətin mənidə bildin kim nədir,

Kafurə döndü qarımız, həm ənbər oldu qirimiz.

Beytdə qirü-qar qara-ağ, başqa sözlə, yazı-pozu, savad kimi anlaşılır. Xalq arasında indi də qara-qura, cızma-qara kimi sözlər savad mənası bildirir. Nəsimi öz dövründə şeirin – sözün əbədi həyat gücünü insanlara anladır:

Ey Nəsimi, abi-kövsərdir məgər nitqində kim,

Hər kim içər ol şərabı, məsti-cavidan olur.

Nəsimi həqiqət aşiqi olduğundandır ki, şeirlərində haqq sözü, həqiqəti daim tərənnüm və təbliğ etmişdir:

Həq sözün gör ki, necə dürdanədir,

Həq sözünü bilməyənlər da nədir?!

Cahili-nadan nə bilsin danə, dür

Danəyi dana bilir kim danədir.

Sənətkarın düşüncəsində həq söz həm də doğru söz deməkdir:

Doğru söz doğrar həsudun bağrını, şol mənidən

Münkirə oldu Nəsiminin kəlami Zülfiqar

Nəsimi doğru söz haqqındakı fikirlərini bu gün aforizm səviyyəsində qəbul edilən bir beyti ilə vurğulayır:

Həccə doğru varmayan hacı deyil,

Doğru söz doğrulara acı deyil.

Nəsiminin söz dünyası Kəbəyə bərabərindədir. Kəbəyə daxil olmaq hər hacıya qismət olmadığı kimi, Nəsimi şeirinin daxili aləminə nüfuz etmək də hər kəsin nəsibi deyil.

Kəbənin ehramına irməz hacının dəgməsi

Cizginir dər girdinə sürtər üzünü taşinə.

Bəli, sözün məskən saldığı dil Kəbəsini (ürək Kəbəsini) ziyarətə müvəffəq olanların muradı hasil olur:

Ey Nəsimi, hər kim ol dil Kəbəsin qıldı təvaf,

İrdi məqsudi-muradə, vasili dilxahdır

Şairə görə, Ulu Tanrı insana söz demək qüdrətini öz sevgisindən bəxş edib. İnsan bu qiymətli töhfənin qarşısında bir bəndə şükranlığı və sədaqəti ilə bu ulu eşqin sirrini bəyan etmək istəyir. Lakin buna dəryalar mürəkkəb, ağaclar qələm, fələyin tası dəvat (mürəkkəbqabı) olsa da yetməz. Dahi şair qədim Şərq nağıllarında tez-tez işlədilən bu məşhur mübaliğəni klassik şeirə də gətirir:

Fikir edərəm ki, yazayım zərrəcə eşq sirrini,

Bəhr midad, ağac qələm, tasi-fələk dəvat olur.

Səbəbsiz deyil ki, bütün klassik Şərq ədəbiyyatını yaradan sənətkarlar söz demək üçün böyük və qadir Allahdan bu qüdrəti əsirgəməməyi diləyir:

Nöqtəyi-sirri ilahi bismillahdır,

Kim ki bilməz bu sirri, müşriki-gümrahdır.

Nəsiminin şeirlərində Allahın inayəti ilə sözün şeirə çevrilmə prosesini də izləmək mümkündür. Şair şeirin yaranma “texnologiyasını” bir “mühəndis” kimi şərh edir:

Dilimdən irdi, qələmdən töküldü kağıza dürr,

Dirildi cümlə lətayif, cəvahir oldu səbat.

Şairin yaradıcılığında doğma dilin tələbinə müvafiq şeir vəzni seçmək yolu da bədii dillə əks olunur:

Kəşf oldu sirr xali-xəttindən Nəsimiyə,

Elmül-əruz içində məfailü-failat.

Nəsimi şeirin pak və müqəddəsliyini oxucusuna çatdırmaqla yanaşı, onun xalqını ayıq saxlamaq üçün bir vasitə olmasını bəyan edir:

Ruhi-qüdsidir Nəsiminin həqiqət sözləri,

Gər Məsiha tək diriysən, yatma ki, çalındı sur.

Dahi şair öz simasında hər kəsi düşündürən “Şair necə olmalıdır?” sualına bir aydınlıq gətirir:

Çünki Nəsimi sözlərin əhli-məani yey bilür,

Kim bu təriqi-məniyi bilmədi, bilmədi lüğət.

Nəsimi sözü abi-həyat hesab edərək onu içməyənlərin əbədi zülmətdə qalacaqlarını da dilə gətirir:

Ey Nəsimi, sözündür abi-həyat,

İçməyən anı qaldı fizzülmat.

Şairin özünün də qeyd etdiyi kimi, Xızırın əbədi ömrü qismət olmuş Nəsiminin şeirlərində bu gün müasir oxucu “Bəs şairin mükafatı nədir?” sualına cavab axtarır:

Ey Nəsimi, cahanı tutdu sözün,

Övkənallah ki, şahi-kişvərsən.

Yaxud:

Ey Nəsimi, həq Süleyman mülkünü verdi sana,

Həq sözün min Asəfi-sahibi və əzarətdir bu gün.

Sözü müqabilində şairin qazancı yalnız söz dünyasının şahlıq taxtıdır. Görünür ki, Nəsiminin gəldiyi qənaət zaman keçdikdən sonra böyük Füzuliyə yeni ideya vermiş və onun məşhur “Padişahi-mülk” qitəsinin mövzusuna çevrilmişdir. Ölkə şahlığı əbədi olmasa da, söz mülkünün padşahlığı daimidir. Bu məsələdə də bir fəlsəfi qanunauyğunluq var ki, maddiyyat fani, mənəviyyat əbədidir.

Söz Nəsimi yaradıcılığında ilahi məqamından enib bəşərin ən qiymətli bəzəyinə çevrilir. Səbəbsiz deyildir ki, insanın ən yüksək qiyməti də onun sözü ilə ölçülür.

PAYLAŞMAQ: