Vuqar Fəttayev: Müğənni Nəzakət Məmmədovanın acı taleyindən bəzi məqamlar

Vuqar Fəttayev: Müğənni Nəzakət Məmmədovanın acı taleyindən bəzi məqamlar

19.03.2019

0:34

   Nəzakət Məmmədova.jpg

Bəzi şəxslər danışırlar ki, guya Nəzakət Məmmədova ilə kəlbəcərli şair Sücaətin arasında sevgi münasibətləri yaşanıb. Gerçək olan isə budur ki, şair Sücaət müğənninin aşiqi olsa da, aralarında sevgi münasibətləri yaşanmayıb. Şair sadəcə müğənniyə məktublar, şeirlər yazıb. Şairin qohumlarının danışdıqlarına görə təxminən 1982-ci ildə Nəzakət Məmmədova Kəlbəcərdəki “İstisu” sanatoriyasında dincəlirmiş. Orada müğənnidən xahiş ediblər ki, konset versin, ancaq Nəzakət Məmmədova Bakıya qayıtmalı olduğunu bildirib. Və söz verib ki, qısa müddətdə qayıdıb orada bir konsert proqramı ilə çıxış edəcək. Müğənni söz versə də sözünə əməl etmir və bir daha ora qayıtmır. Müğənninin yolunu səbirsizliklə gözləyən şair Sücaət o zaman ona bir şeir həsr edir.

Könül, üzü dönmüş yara neylədim
Mən ha əzizlədim, naşıydı, getdi.
Könlümün ilk yarı, ilk sevimlisi
Gözümün son damla yaşıydı, getdi.

Parçalandı eşqi, söndü havası
Naləyə çevrildi könlümün səsi.
Sevgi dünyasının daş ürəklisi,
Nazlı gözəllərin başıydı, getdi.

Qəlbimi sıxsa da yar dönə-dönə,
Sücaət kəm baxmaz məhəbbətinə.
Mən onu sevirəm, sevirəm yenə,
Onun öz keyfiydi, xoşuydu getdi

Şair Sücaət bir müddət keçəndən sonra müğənniyə daha bir şeir həsr edir.

Yaman çətin imiş sənsiz yaşamaq,
Könlüm gecə-gündüz ağlar, qayıt gəl.
Sevəni bir gündə yüz yol öldürər,
Yarsız ötüb keçən çağlar, qayıt gəl.

Demə keçən- keçib, olan-olubdu.
Vaxt olub boşalan bir də dolubdu.
Sən gedəndən saralıbdı, solubdu,
Gül açmır bağçalar, bağlar, qayıt gəl.

Həsrətin ömrümün sarayın sökür,
Qəlbim haray çəkir, gözüm qan tökür.
Sücaət vətəndə qəriblik çəkir,
Qürbətə dönübdü dağlar, qayıt gəl.

Bu şeir yazılandan bir müddət sonra Nəzakət Məmmədovanın ölüm xəbəri yayılır. Şair Sücaət müğənninin məzarı üstə gedir və orada Nəzakət Məmmədovaya sonuncu “Barışmağa gəlmişəm” şeirini yazır.

Dur əzizim, barışmağa gəlmişəm,
Dözəmmirəm, dözüm sənsiz qalıbdı.
Öz ürəyim öz sinəmi isitmir,
Odum sənsiz, közüm sənsiz qalıbdı

Kövrəlmişəm, elsiz dağa dönmüşəm,
Saralmışam barsız bağa dönmüşəm.
Bir kimsəsiz kür uşağa dönmüşəm,
Qan ağlayır, gözüm sənsiz qalıbdır.

Sücaətəm, şamda mənəm, çıraq da,
Sən getmisən, mən qalmışam soraqda.
Yazdıqlarım buza dönüb varaqda,
Şerim sənsiz, sözüm sənsiz qalıbdı.

.

Vüqar Fəttayev adlı şəxsin şəkli.
Kəmalə Muradova:-  Deyilənlərə görə onlarin bir oglu olub və o Turkiyədə vəfat edib.

       Doğrudur, lakin oğlu da anası ilə eyni taleyi yaşayır.

Boşanandan sonra Nəzakətin gözəlliyinə, səsinə valeh olan çox insan ona elçi düşür. Deyilənlərə görə onunla ailə qurmaq istəyənlərin arasında hətta müğənnilərdən də olub. Ancaq nədənsə Nəzakət Məmmədova bir daha heç kimlə ailə qurmur, oğlu Ceyhunu özü tək böyütməyə qərar verir.

Nə yazıq ki, oğlunu böyütmək Nəzakətə qismət olmur. Müğənni 7 yaşlı oğlunu anasız qoyaraq bu dünyaya birdəfəlik əlvida deyir. N.Məmmədovanın ölümündən sonra haqqında hətta indiyə qədər belə səngimək bilməyən şaiyələr yayılır. Bəlkə də şaiyələrin yaranmasına ailədə bir-birinin ardınca baş verən qəfil qətllər də səbəb olur. Belə ki, N.Məmmədovadan sonra anası vaxtsız vəfat edir. Daha sonra oğlu Ceyhuna sahib çıxmış Mükafat ləqəbli bacısının həyat yoldaşı avtomobil qəzasında həlak olur. Şaiyələr ayaq-tutub yerisə də gerçək bu idi ki, Nəzakət Məmmədova girdiyi plastik cərrahiyyə əməliyyatından sağ çıxmamışdı. Bunu həm Nəzakət Məmmədovanı yaxından tanıyan sənətkarlar, həm də öz doğmaları təsdiq ediblər.

Deyilənlərə görə, boğazında olan zoba bənzər şişkinlik müğənnini hər zaman narahat edirmiş. Günlərin birində müğənni bir pərəstişkarından məktub alır. Həmin məktubu yazan şəxs ona səsinin, özünün gözəlliyi ilə bağlı təriflər yağdırır. Ancaq daha sonra əlavə edir ki, boğazındakı qüsur onun görünüşünə xələl gətirir. Elə həmin məktubdan sonra müğənni estetik əməliyyat etdirmək qərarına gəlir. Buna görə də Soçidə bu əməliyyatı həyata keçirə biləcək həkim tapır. Həkim onu inandırır ki, əməliyyatla boğazının dərisindəki qüsur aradan qalxacaq. Təəssüflər olsun ki, əməliyyat zamanı müğənninin yuxu damarı zədələnir və N.Məmmədova əməliyyatdan sağ çıxmır. Sonradan aparılan istintaq zamanı bəlli olur ki, əməliyyat edən plastik cərrah yox, salonda işləyən “manikür” ustası imiş. Məhkəmə saflığından istifadə edib öncə müğənnini tora salan, daha sonra isə “canını alan” həkimə 9 il iş kəsir.

   Redaksiyadan:   Soçi şəhərində plastik əməliyyatlarla lisenziyasız məşğul olan Karol Anatoli İvanoviç adlı birinə müraciət edən sənətçi boynundakı qırışlardan azad olmaq istəyir. Lakin əməliyyat zamanı həkim-dermatoloqun səhvi – bıçağın boğazdakı şah damara dəyməsi müğənninin ölümünə səbəb olur. Nəzakət Məmmədova qanaxmadan dünyasını dəyişir. Əslən erməni olan həkim Karol isə törətdiyi əmələ görə Krasnodar məhkəməsi tərəfindən 5 il azadlıqdan məhrum edilir
N.Məmmədovanın oğlunu xalası öz himayəsinə götürüb böyüdür, evləndirir. Evlənəndən sonra Ceyhunun bir qızı dünyaya gəlir. Ceyhun qızına anası Nəzakətin adını verir və beləcə Nəzakət Məmmədovaya nəvəsinin timsalında yenidən həyat bəxş edilir. Ancaq nə yazıq ki, nəvə Nəzakət Məmmədova da nənəsinin nakam taleyini yaşayır. Oxuduğu institutdan evə qayıdanda Nəzakətin olduğu maşının üstünə ağac aşıb düşür. Və beləcə nəvə Nəzakətin də çox gənc yaşında həyat kitabı yarımçıq qalır. Qızının dərdinə dözə bilməyən Ceyhun da 43 yaşında vaxtsız dünyasını dəyişir…

Beləcə gözəl bir qadının həyat dastanı sona çatır. Demək ki, gözəlliklə bağlı deyilənlər həqiqətə daha yaxın imiş. Tanrı qadının özünü gözəl yaradınca kaş ki, bəxtini gözəl yaza…

Vüqar Fəttayev adlı istifadəçinin profil şəkli

Vuqar Fəttayev, müstəqil araşdırmaçı

PAYLAŞMAQ: