Şəhid Mahmudov Əli Murtuza oğlunun qızı Salahova (Mahmudova) Samirə Əli qızı tərəfindən ÜRƏK SARSIDICI DAHA BİR MÜRACİƏT

Mart 24, 2019

Azərbaycan Respublikasının Birinci Vitse Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya
Bakı şəhəri, Şamil Əzizbəyov küçəsi 92-də müvəqqəti sığınacaq tapmış Cəbrayıl rayonundan məcburi köçkün,       şəhid Mahmudov Əli Murtuza oğlunun qızı Salahova (Mahmudova) Samirə Əli qızı tərəfindən
MÜRACİƏT

Hörmətli Mehriban Xanım !

Sizə müraciət etməyimin səbəbi uzun illər boyu ailəmizin düçar olduğu ağır və dözülməz vəziyyətlə əlaqədardır. Bizim ailə Cəbrayıl rayonundan məcburi köçkün düşəndən sonra Bakı şəhərində küçələrdə qalmışdı. Mərhəmətli insanlar bizim 6 nəfərlik ailəyə yuxarıda qeyd olunan ünvanda pilləkənlərin alt hissəsində yer düzəltdilər və məcburən oraya sığındıq. 6 nəfərdən ibarət ailə 8 kv.metr sahədə yerləşməyə məcbur olduq. Nənəm-şəhid anası da bizimlə qalırdı. Həmin vaxtlardan indiyə qədər 100-ə yaxın müraciətlər edərək həyəcan təbili vurduq ki, sovetlər birliyi vaxtları bir donuz üçün 12 kv.metr yer ayrıldığı halda bizim ailəyə bir donuz qədər qiymət verilmir. Həmin müraciətlər gah, “Qaçqınkom”a, gah Nəsimi rayon İcra Hakimiyyətinə, gah Cəbrayıl Rayon İH-nə, gah da Qubadlı rayon İH-nə göndərildi və heç bir tədbir görülmədi. Qeyd etmək istəyirəm ki, dözülməz və acınacaqlı şəraitdə yaşamağımız ucbatından əvvəlcə nənəm- şəhid anası qəflətən dünyasını dəyişdi, sonralar isə cavan qardaşım da qəflətən vəfat etdi. Sonralar ailə həyatı qurdum, həyat yoldaşım Qubadlı rayonundan məcburi köçkün olduğu üçün onların da ailəsi ağır sosial şəraitdə yaşayırdı. Ailə məcburiyyət qarşısında qalalaraq borc pulla Bakı şəhəri, Xətai rayonu, Natiq Əliyev küçəsi 10-da mənzil aldı. 10 il orada yaşayıb kommunal xərcləri ödəməyimizə baxmayaraq ailənin məcburi köçkün olduğuna görə pasport qeydiyyatına almadılar və bir qrup dəllal Xətai məhkəməsinin qərarı ilə ailəmizi iki azyaşlı uşaq ilə bayıra atdılar və əşyalarımızı saxlamağa yer olmadığı üçün binanın qarşısında çadır quraraq ev əşyalarımızı çadıra yığdıq. 7 ildən çox əşyaların binanın qarşısında olmağına baxmayaraq heç bir dövlət orqanı buna reaksiya vermədi. Hara müraciət etdiksə fikir verən olmadı. Ailəmiz bu neçə ildə 15 dəfə yer dəyişib, onun-bunun qapılarında gözüyaşlı yaşamaq ucbatından onkoloji xəstəliyə tutularaq ağır cərrahiyyə əməliyyatı keçirdim. Dəfələrlə Azərbaycan Respublikası Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsində, Prezident Aparatında, Nazirlər Kabinetində, Milli Məclisdə, Cəbrayıl və Qubadlı Rayon İH-də olub acınacaqlı vəziyyətdə yaşamağımız haqda çoxsaylı müraciətlər etdik, ancaq bu qurumlarda bir nəfər də olsun nəbzi xalq ilə döyünən adam tapılmadı.
İndi bizim ailə məcburi köçkün kimi Bakı şəhər Xəzər rayonunda qeydiyyatdadır, ailəmiz gah Şamil Əzizbəyov 92-də anamın yanında, övladlarımız Xətai rayonunda məktəbdə oxuduqlarından, gah da Xətai rayonunda tanışların yanında, gah da qohumlarımızın yanında sıxıla-sıxıla qalırıq. Bizim məcburi köçkün vəsiqəmizə hər il möhür vurub qeydə alırlar. İndi bizə adi köçkün vəsiqəsinə möhür vurdurmaq belə problem olub, deyirlər təzə qanun çıxıb, harada yaşayırsınızsa orada da möhür vursunlar, yeni qanun çıxıb.
Amansız müharıbə mənin atamı əlimdən aldı, acınacaqlı və dözülməz şəraitdə yaşamağımız ucbatından şəhid anası nənəmi, cavan qardaşımı itirdim, ailə həyatı qurandan sonra yaşadığımız evə basqılar və məhkəmə çəkişmələri nəticəsində qaynatam- Qubadlı rayonundan məcburi köçkün Salahov Salah əsəb xəstəliyinə tutularaq iflic oldu və qəflətən dünyasını dəyişdı, iki azyaşlı uşaq və 2-ci qrup əlil həyat yoldaşımla gözüyaşlı qapılarda qalmağımız ucbatından onkoloji xəstəliyə tutularaq ağır cərrahiyyə əməliyyatı keçirdim və sağlamlığıma balta vuruldu. Mənim varlığımı sarsıdan isə məmur biganəliyi, məmur qansızlığı oldu. Neçə illərdir ki, bir neçə xroniki xəstəliklərdən əziyyət çəkən şəhid ailəsi anam Şirinova Güleyzə Məhəmməd qızı Qobustan zindanxanası şəraitində zülm çəkir, neçə illərdir ki, həm həyat yoldaşı, həm də oğlu şəhid olan xalam Cəfərquliyeva Mübarək ağır sosial şəraitdə yaşayırdı və onunla maraqlanan yox idi. Həmişə düşünürəm ki, görəsən bu zülmə son qoyan bir adam tapılacaq, yoxsa hələ davamı çox olacaq, bunları körpə vaxtlarında görüb yaddaşlarına həkk edən övladlarımda hansı vətənpərvərlik hissi olacaq? Bir dəfə aidiyyatı dövlət qurumlarına rəsmi müraciət edərək bildirdik ki, gəlin 37-ci ildə olan kimi məhkəməsiz, sorğusuz bizim ailənin bütün üzvlərini güllənin qarşısına verin canımız qurtarsın.
Hörmətli Mehriban xanım !
Bu neçə ildə bizim çəkdiyimiz müsibətləri yazmağa qələm acizdir, bu üzdə olanlardır. Mən Sizdən xahiş edirəm, bizi diləyib dərdimizə şərik olan bir dövlət qapısına bu müraciəti ünvanlayın, artıq qapılar qarşısında qalmaqdan bizdə nə taqət qalıb, nə də səbr. Bəlkə Ulu Tahrının bizə mərhəməti gələ və bu zülmə son qoyula.
İmza Salahova ( Mahmudova) Samirə Əli q
Əlaqə telefonu: 0553450003

PAYLAŞMAQ: