Hakim “Şərurlu İsfəndiyar”dan rüşvət alması ittihamına cavab verdi: “Zəhmət çək, get bunları dəyişdir”

Hakim “Şərurlu İsfəndiyar”dan rüşvət alması ittihamına cavab verdi: “Zəhmət çək, get bunları dəyişdir”

30.03.2019

14:40

Hakim “Şərurlu İsfəndiyar”dan rüşvət alması ittihamına cavab verdi:

Şəhid ailəsinin evinin əlindən alınması ilə ədalətsiz qərar qəbul etməkdə ittiham olunan Ali Məhkəmənin hakimi Əsəd Mirzəliyev baş vermiş hadisə ilə bağlı açıqlama verib.
O, sədrliyi ilə keçirilən iclasda verilən qərarın tam qanuni olduğunu bildirib:
“Mətbuatda “Aprel şəhidi” ilə bağlı verilən məlumatlar təsdiqini tapmayan məlumatlardır. Bu müqavilə 13 avqust 2008-ci ildə “” MMC ilə mərhumun qayınatası Zeynalov Novruz Qafar oğlu arasında bağlanıb. 64 min manat vəsaitdən 53 min manatını ödəyib. Daha sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin 2013-cü il tarixli hökmü ilə “Kamran” MMC-nin rəhbərləri saxta müqavilə vasitəsilə şəxsin vəsaitini əlindən aldıqları üçün dələduzluq maddəsilə məhkum olunublar. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin əmlaklarının hesabına Zeynalov Novruz Qafar oğlunun vəsaitinin geri qaytarılması qərarı verilmişdi. Sonradan təqsirləndirilən şəxslərin şikayəti əsasında yuxarı instansiyada bu qərar ləğv olundu. Yəni o, mülki iddia vermədiyi üçün pul bu qaydada tutula bilməzdi. Nəticədə Novruz Zeynalov pulunu mənimsəyən insanlara qarşı mülki iddia qaldırmaq əvəzinə, səlahiyyətsiz hesab olunan “Kamran” MMC-yə qarşı iddia qaldırıb ki, “50 kvadratmetrlik sahə mənim istifadəmə verilsin”. Apelyasiya Məhkəməsi doğru olaraq rayon məhkəməsinin qərarını ləğv etdi. Çünki Mülki Məcəllənin 82-ci maddəsinin 4-cü bəndində göstərilib ki, bu hökm məcburidir. Hökmlə müəyyən olunub ki, şəxsin müqaviləsi saxtadır. Saxta müqavilə də etibarsız sayıldığından heç bir hüquqi əsası və nəticəsi yoxdur. Bunun əsasında şəxsə mənzil vermək olmaz”.
Hakim qeyd edib ki, 2016-cı ildə Novruz Zeynalovun kürəkəni “Aprel döyüşləri”ndə şəhid olduqdan sonra o, hər yerə müraciət etməyə başlayıb:
“Müraciətində də bildirib ki, mənzili şəhidin vəsaiti hesabına alıb. Halbuki, Novruz Zeynalov özü professordur, ali məktəbdə müəllimdir, kifayət qədər vəsaiti olub. Müqaviləni də öz vəsaiti hesabına bağlayıb”.
Hakim deyir ki, Apellyasiya Məhkəməsinin həmin qətnaməsi müzakirə olundu, bir neçə dəfə təxirə salındı. “Axırda qərara gəldik ki, nə qədər qanuni qüvvəyə minmiş hökm var, bu hökmlə ona ziyan vurmuş şəxsdən həmin ziyanın qarşılanması tələbini irəli sürməlidir. Artıq saxta hesab olunan müqavilə ilə bu tələbi etmək olmaz. Ona görə də biz o qərarı qüvvədə saxlamışıq”.
Ə.Mirzəliyev “Şərurlu İsfəndiyar”ın ona rüşvət verdiyinə görə belə bir qərar verməsi iddialarını əsassız adlandırıb: “Bunların hamısı bəhanə, hüquqi əsası olmayan məsələlərdir. Nə qədər ki, belə bir hökm var, orada başqa cür qərar qəbul etmək mümkün deyildi. Hökmdə sən zərəçəkmiş kimi tanınmısan. Zəhmət çək, zərəçəkmiş deyilsən, müqavilən də saxta deyil, get bunları dəyişdir, ondan sonra belə bir tələb irəli sürə bilərsən”.
Modern.az

PAYLAŞMAQ: